Biokimya üzrə mütəxəssis Dr. Ayşegül Çoruhlu bildirir ki, 45 yaşdan sonra qadınların ən böyük sağlamlıq riski qırışlar deyil, sümük itkisidir.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, dəridəki dəyişiklikləri botoks və ya cərrahiyyə ilə düzəltmək mümkündür, amma sümük itkisini bərpa etmək çox çətindir. Buna görə də, menopoz dövrünə yaxınlaşan qadınlar vaxtında tədbir görməlidir.
Dr. Çoruhlu deyir ki, kollagen — xüsusilə 1-ci tip kollagen — menopoz dövründə D vitamini və idman qədər vacibdir. Çünki sümüyün əsas dayağı olan matrisi məhz bu maddə təşkil edir.
“Dəriniz üçün qulluq edirsinizsə, sümüklər üçün də investisiya etməlisiniz. Çünki 45 yaşından sonra bu boşalan skeleti geri doldurmaq çətindir”, – həkim bildirir.
Mütəxəssisə görə, menopozdan sonra sümüyü dağıdan hüceyrələr sürətlə artır, qurucu hüceyrələr isə azalır. Bu isə osteoporoz riskini yüksəldir. Ona görə də, Çoruhlu “menopauza kollageni” anlayışının vacibliyini vurğulayır.
Həkim qeyd edir ki, sağlam sümüklər üçün ilk qayda hərəkətdir. “Tullanmaq, gəzmək, ağırlıq qaldırmaq – bunlar 45 yaşdan sonra diş fırçalamaq qədər gündəlik vərdişə çevrilməlidir”, – deyə o xəbərdarlıq edir.
Qidalanmada isə həm sümük bulyonu, həm də C vitamini və antioksidantla zəngin tərəvəzlər sümüklərə dəstək olur. Xüsusilə limon suyu və yaşıl yarpaqlılar sümük eroziyasının qarşısını almaqda təsirlidir.
Dr. Çoruhlu döş sağlamlığına da xüsusi diqqət yetirir. Onun sözlərinə görə, döş xəstəlikləri qadınlarda yaşlanma dövründə ən çox rast gəlinən problemlərdəndir. Qəbizlik isə estrogenin bədəndən normal yolla xaric olmasına mane olduğu üçün döş sağlamlığına ziyan vurur. “Lifli qidalar, maqnezium və düzgün qaraciyər fəaliyyəti çox vacibdir”, – həkim bildirir.
Həmçinin yağlı qaraciyər, öd problemləri və genetik faktorlar estrogenin bədəndən çıxmasına mane ola bilər. Brokolidə olan sulforafan və DIM kompleksi bu prosesə təbii dəstək hesab olunur.
Saç tökülməsi ilə bağlı Dr. Çoruhlu bildirir ki, problem təkcə saç telində deyil, follikulun qan və oksigenlə qidalanmasındadır. Dəmir çatışmazlığı, aşağı qan təzyiqi və tiroid problemləri qadınlarda saçların zəifləməsinə səbəb ola bilər. Həkim selenium, sink və misin dəstəkləyici rolunu vurğulayır.
Tərcümə: Könül Oruc