
Nature Medicine jurnalında yayımlanan genişmiqyaslı bir araşdırma, sağlam yaşlanma ilə düzgün qidalanma arasındakı əlaqəni ortaya qoyub. ABŞ-da 30 il ərzində aparılan bu tədqiqatda 105 min insanın qidalanma vərdişləri və onların sağlamlığa təsiri araşdırılıb.

E-saglam.az xəbər verir ki, tədqiqat nəticələri göstərib ki, əsasən bitki əsaslı qidalarla qidalanan insanlar qocalıq dövründə daha yaxşı fiziki və ruhi sağlamlığa sahib olurlar. Araşdırmada Aralıq dənizi pəhrizi və DASH pəhrizi də daxil olmaqla səkkiz fərqli qidalanma modeli təhlil edilib.
70 yaş ətrafında sağlam olan insanlar bol meyvə, tərəvəz, tam taxıl, doymamış yağlar, qoz-fındıq və paxlalılarla zəngin pəhrizlərə üstünlük veriblər. Onlar qızardılmış qidalar, qırmızı və işlənmiş ətlər, şəkərli içkilər və yüksək dərəcədə işlənmiş məhsullardan uzaq durublar.
Araşdırmanı aparan mütəxəssislərdən Marta Quasch-Ferre, insanları xilas edəcək tək bir "super qida" və ya universal pəhriz olmadığını vurğulayır. Əvəzində, müxtəlif balanslı pəhrizlərin sağlamlığa müsbət təsir göstərə biləcəyini bildirir.
Tədqiqatçılar sağlam qocalmanı yalnız uzunömürlülük kimi deyil, həm də həyat keyfiyyəti baxımından qiymətləndiriblər. Onların fikrincə, sağlam yaşlanma dedikdə əsas xroniki xəstəliklərdən uzaq olmaq, beyin funksiyalarının qorunması və fiziki gücün saxlanılması nəzərdə tutulur. Lakin araşdırmaya əsasən, bu meyarlara 10 nəfərdən yalnız biri cavab verir.
Tədqiqat ABŞ-də aparılsa da, mütəxəssislər nəticələrin Avropa üçün də keçərli ola biləcəyini düşünürlər. Bununla belə, genetika, ətraf mühit və sağlamlıq xidmətlərinə çıxış kimi faktorların da sağlam qidalanma ilə yaşlanma arasındakı əlaqəyə təsir edə biləcəyi qeyd olunur.
Tərcümə: Könül Oruc