Tibbi xəbərlər
2 saatlıq əməliyyat 6 saat çəkib, ailə yaxınlarına xəbər verilməyib:
Tibbi xəbərlər
158

2 saatlıq əməliyyat 6 saat çəkib, ailə yaxınlarına xəbər verilməyib: Liv Bona Dea-da nə baş verib?

Son vaxtlar özəl və dövlət klinikaları ilə bağlı pasiyentlərin rəftar, laqeydlik və məlumatlandırma problemləri ilə bağlı şikayətləri getdikcə artır. İnsanlar tibbi xidmətin keyfiyyəti ilə yanaşı, insan münasibətinin də eyni dərəcədə vacib olduğunu vurğulayırlar.

E-saglam.az xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkə hesabında şikayət paylaşıb. Həmin yazını təqdim edirik:

"Bu yazını yazmaq ağırdır, amma susmaq daha ağırdır. Yanvarın 14-də Liv Bona Dea xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gedən bir ailə oradan təkcə tibbi deyil, həm də mənəvi travma ilə qayıdıb. Xəstənin sözlərinə görə, baş verənlər səhiyyə sistemində insan amilinin necə unudula bildiyini açıq şəkildə göstərir.

Səhər saat 7:30-da xəstə əməliyyata alınarkən həyat yoldaşı Şahbaz bəy 1-ci mərtəbədə gözləməyə göndərilib və ona heç bir məlumat verilməyib. Normalda 1–2 saat davam etməli olan əməliyyat 6 saata yaxın çəkib. Bu müddət ərzində ailəyə nə əməliyyatın gedişi, nə də gecikmənin səbəbi barədə məlumat verilməyib. Şahbaz bəy mərtəbə-mərtəbə gəzərək sadəcə həyat yoldaşının sağ olub-olmadığını öyrənməyə çalışıb. 

Əməliyyatdan sonra xəstə özünə gələndə dözülməz ağrı yaşadığını deyir. Onun sözlərinə görə, dəfələrlə əlavə anesteziya xahiş etsə də, uzun müddət heç bir reaksiya olmayıb. Ətrafda personal olduğu halda, yalvarışlarına laqeyd yanaşılıb. Yalnız sonradan əlavə anesteziya üçün ödəniş tələb edildiyi bildirilib və bundan sonra müdaxilə edilib.

Xəstə bildirir ki, ona qarşı kobud və sayğısız davranış olub. Tibbi prosedurlar əsəbi və diqqətsiz şəkildə aparılıb. Palataya gətiriləndə artıq saat 15:00 olub və həmin anda həyat yoldaşı ilə görüşə bilib. Bu ana qədər Şahbaz bəyin heç bir rəsmi məlumatı olmayıb.

Sonradan məlum olub ki, planlı ginekoloji əməliyyat üçün yer olmadığından xəstə kardioloji şöbədə əməliyyat edilib. Bu barədə nə əməliyyatdan əvvəl, nə də sonra ailəyə məlumat verilib. Halbuki xəstəxanada müşahidə otaqları və gözləmə üçün nəzərdə tutulmuş xüsusi yerlərin olduğu da bildirilib.

Şikayət edildikdən sonra xəstəxananın nümayəndələri yaxınlaşıb, kameraların yoxlanılacağını və araşdırma aparılacağını deyiblər. Lakin xəstənin sözlərinə görə, üç gün xəstəxanada qaldığı müddətdə bu barədə heç bir rəsmi cavab verilməyib və məsələ açıq şəkildə cavabsız buraxılıb.

Yanvarın 16-da xəstə evə buraxılarkən üzərində hələ də epidural anesteziyadan qalan şlanq və yara bandlarının olduğu məlum olub. Üç gün ərzində heç bir personal bununla maraqlanmayıb. Daha sonra evdə çağırılan tibb bacısı bel nahiyəsində yara bandlarının qalmasını və dərinin zədələndiyini müəyyən edib.

Hadisədən sonra kardioloji şöbədən əlaqə saxlayan şəxs “sadəcə smenlə bəxtiniz gətirməyib” ifadəsini işlədib. Bu söz isə ailənin yaşadığı ağrı və narahatlığın rəsmi şəkildə nə qədər ciddiyə alındığını açıq göstərib. 

Xəstə sual edir: bir insan xəstəxanada insan kimi davranış görmək üçün nə etməlidir? Əvvəlcədən kiməsə tapşırılmalıdırmı? Pul verməlidir? Yoxsa təhlükəsiz və hörmətli münasibət görmək üçün ölkəni tərk etməlidir?! 

Bu hadisə bir daha göstərir ki, problem təkcə tibbi deyil. Problem insan ləyaqətinin qorunmamasıdır. Xəstə üçün ən ağır olan ağrıdan çox, yalvarışlarının eşidilməməsi, səssizlik və laqeydlikdir.

“Liv Bona Dea” kimi böyük və nüfuzlu bir klinikada xəstənin planlı əməliyyata girib, saatlarla məlumat verilmədən gözlədilməsi, dözülməz ağrı içində yalvarışlarının cavabsız qalması və elementar tibbi nəzarətdən kənarda qalması artıq təkcə bir ailənin problemi deyil, bütün səhiyyə sistemində insan faktorunun hansı səviyyədə olduğunu düşündürən ciddi bir sualdır".

Qarşı tərəfin mövqeyini dərc etməyə açığıq. 

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun