Sağlamlıq
Yuxu pozğunluqları beynin quruluşunda dəyişikliklər yarada bilər -
Sağlamlıq
143

Yuxu pozğunluqları beynin quruluşunda dəyişikliklər yarada bilər - Araşdırma

Yuxu pozğunluqları təkcə yorğunluq və enerji azalması ilə nəticələnmir.

E-saglam.az xəbər verir ki, ABŞ-nin Florida Beynəlxalq Universiteti tərəfindən aparılan yeni araşdırma göstərib ki, yuxu problemləri diqqət, qərarvermə və emosional nəzarətə cavabdeh olan beyin nahiyələrinin quruluşunda dəyişikliklərə səbəb ola bilər. Tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Alimlər 57 elmi araşdırmanın nəticələrini təhlil edərək müəyyən ediblər ki, müxtəlif yuxu pozğunluqları zamanı beynin talamus adlanan hissəsində oxşar struktur dəyişiklikləri baş verir. Talamus məlumatların emalı, diqqətin qorunması və sensor siqnalların ötürülməsində mühüm rol oynayır.

Tədqiqat müəlliflərinin fikrincə, bu dəyişikliklər yuxu pozğunluğu olan insanlarda diqqətin zəifləməsini, qərarvermə qabiliyyətinin pisləşməsini, reaksiyanın ləngiməsini və səhv etmə riskinin artmasını izah edə bilər.

Araşdırmada həmçinin parasomniyalar – yuxuda gəzmə, gecə kabusları və digər qeyri-adi yuxu davranışları – ayrıca qiymətləndirilib. Məlum olub ki, bu hallar motivasiya və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin bölgələrindəki dəyişikliklərlə əlaqəli ola bilər. Bu da parasomniyaların əhval-ruhiyyəyə təsirini izah etməyə kömək edir.

Tədqiqatçılar hazırda beyin quruluşundakı dəyişikliklərin yuxu pozğunluqlarının səbəbi, yoxsa nəticəsi olduğunu müəyyənləşdirmək üzərində çalışırlar. Onların fikrincə, bu mexanizmlərin daha yaxşı anlaşılması gələcəkdə yuxu pozğunluqlarının daha dəqiq diaqnostikası və fərdiləşdirilmiş müalicə üsullarının hazırlanmasına imkan verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun