“Üç gündür “İnternational Medical Center 1” xəstəxanasında Azərbaycan Səhiyyəsi adına bütün rəzillikləri, özbaşınalıqları yaşayıram. Daha çox pul alsınlar deyə, sağlam 3.4 kiloqramlıq, 38 həftəlik uşağın başına hər oyun gətirirlər”.
Bu sözləri E-saglam.az-a açıqlamasında yenidoğulan uşağın atası jurnalist Tural Ozan deyib.
Onun sözlərinə görə, sağlam doğulan uşağı küvəzə salmaq üçün ciyərlərini nə hala salıblar: “Saturasiya 98 civarında olduğu halda süni tənəffüs aparatına qoşulmasını və Mərkəzi Klinikaya nəqlini istəyirdilər ki, burda xərclədiyimiz 3-4 min manatın iki qatını da orada xərcləyək. Çünki eyni həkimlər həm orda, həm burda işləyir. Mənim gecə ilə müdaxiləmdən sonra dedilər ki, ehtiyac yoxdur “cpap”la burda idarə edərik”.
Körpənin atası iddia edir ki, heç bir analiz, rentgen, USM cavablarını xəstə yaxınlarına vermirlər, şəklini belə göstərmirlər: “Adicə damara düşə bilmirlər, ananın damarını tromb edirlər, üstəlik doppler müayinədə tromp yoxdur deyirlər. Amma ana yaxşıdır, özü həkimdir. Onlara göstərir ki, yanlış baxırsınız. Aparatda damarın düzgün yerini bilmirlər. Yüngül ciyər problemi olan uşağı, pnevmoniya diaqnozu qoyub daha da ağır hala salıblar. Qəsdən uşağın vəziyyətini ağır və qeyri-stabil saxlayırlar ki, reanimasiyada qalmaq günlərinin sayı çox olsun. Hər gün onlarla valideyn oradan gözü yaşlı çıxır. Heç bir sanitariya qaydaları qorunmur, kliniki və reanimasiya addımları düzgün atılmır”.
Məsələ ilə bağlı Bizimyol.info saytı “İnternational Medical Center 1” xəstəxanası ilə əlaqə saxlayıb. Qeydiyyat şöbəsi xəstəxananın hüquqşunası Bəhram Quliyevlə əlaqələndirib. Bəhram Quliyev isə açıqlaması zamanı bildirib ki, uşaqlarını müalicə edən həkimlərə, klinikaya göstərdikləri münasibət budur? İnsanların düşüncələri fərqlidir. Onlar uşağa pul xərcləməyi boşuna hesab edirlər:
"Bəli, Mərkəzi Klinikaya yönləndirmə edilə bilər. Çünki avadanlıq çatışmadıqda biz uşaqları ölümə tərk edə bilmərik və qabaqcadan belə bir məsləhət görürük ki, hazırlıqlı olsunlar. Hazırda uşaq xəstəxanamızdadır və müalicə alır. Müalicə tamamlandıqdan sonra evə göndəriləcək.
Ata uşağın hərəkət etməməsini, ağlamamasını necə bilir? Ata uşağı görməyib, çünki reanimasiya şöbəsinə daxil olmaq qadağandır. Bundan əlavə dünən həmin ailə burdaydı və bu şikayətlə bağlı müraciət etməyiblər. Uşaq sağdır və müalicə alır. Uşaq vəfat etsəydi, biz onu gizlədə bilməzdik. Prokurorluğa və ailəyə xəbər verərdik.
Dekabrın 21-i klinikada 40-a yaxın uşaq doğulub. Biz bu qədər uşağın arasından sırf həmin ailəni seçib, uşağı ağırlaşdırmışıq? Gəlib uşağı götürsünlər və ekzpertizaya versinlər. Əgər uşaq həmin diaqnozla doğulmayıbsa, ağırlaşdırma klinika daxilində olubsa, bu zaman həmin şəxs istədiyi kimi hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma onların iddia etdiyi vəziyyət öz əksini tapmasa, mən hüquq-mühafizə orqanlarına müraciət edib, klinikanın işgüzar nüfuzunun alçaldılması barədə iddia qaldıracağam”.
Könül Oruc