Uşaqlarda hərarətin yüksəlməsi valideynləri ən çox təlaşa salan hallardan biridir. Elə bu təlaşla bağlı olaraq da bəzən yanlış qərarlar verərək, sonrakı fəsadlara gətirib çıxardırlar.
3 ayına qədər uşaqlarda yüksək hərarət olduğu zaman ilk edəcəyimiz addım nədir?
E-saglam.az-a danışan həkim-pediatr Sevda Novruzova deyir ki, uşağın paltarlarını (isti geyimlərini) soyundurmaq və otağın havasını sərinləndirməkdir. Çünki bu dövrdə olan hərarət daha çox istiyə bağlı olur.
3 aydan yuxarı olan uşaqlarda əgər hərarət yüksək olarsa, valideynlər neynəməlidir? Birinci addımda uşağın qalın geyimini çıxartmaq, otağın havasını sərinlətdirməkdir. Bu zaman 15 dəqiqə gözləmək lazımdır. Çünki 15 dəqiqə ərzində hərarətin enməsini müşahidə edə bilərik. Əgər hərarət enməssə, edəcəyimiz ikinci addım ilıq duş qəbul etdirməkdir. İlıq duş qəbul etdirdikdən sonra 15 dəqiqə gözləyirik. Əgər uşağın hərarəti enmirsə sonrakı mərhələdə artıq dərman müalicəsinə, ən çoxda parasetamol tərkibli dərmanlara üz tuturuq.
Bizim bunların etməyimizdə məqsədimiz nədir?
Həkimə qədər hansısa bir fəsadın yaranmasının qarşısını almaq və hərarətin enməsinə kömək etməkdir. Lakin altda yatan səbəbin nə olduğunu bilmək üçün ilk yardımdan sonra mütləq həkimə müraciət etmək lazımdır.