Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə

Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə qalıcı ziyan vurur.

Bəzi tədqiqatlar göstərir ki, burger və kartof qızartması kimi qidalar beynin iştahı idarə edən hissəsinə zərər verir. 

E-saglam.az xarici mediaya əsasən məlumat verir ki, gənc yaşda yağ və şəkərlə zəngin pəhriz yaddaşa qalıcı ziyan vurur.

Əvvəlki araşdırmalar bu cür işlənmiş qidaların Alzheimer riskini artırdığını və hətta bəzən yeyildikdə belə yaddaşa təsir etdiyini müəyyən etmişdi. Ancaq yeniyetməlik dövründə belə bir pəhrizin uzunmüddətli təsiri bilinmirdi.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları siçovullar üzərində apardıqları təcrübədə 26-56 günlük siçovulları iki qrupa ayıraraq, birini yağ və şəkərlə zəngin qidalar, digərini isə sağlam qidalarla qidalandırıblar. Siçovulların beyninin inkişaf mərhələsində olduğu bu dövr insanlarda yeniyetməlik dövrünə uyğun gəlir.

Yaddaş testlərində lazımsız qidalarla qidalanan siçovullar bir neçə gün əvvəl gördükləri cisimləri və onların yerlərini xatırlaya bilməyiblər, digər qrupda isə belə bir çətinlik müşahidə olunmayıb. Birinci qrup daha sonra 30 gün sağlam qidalansa da, yaddaşlarında heç bir irəliləyiş olmayıb. Bu dövr insanlarda yetkinlik dövrünə uyğun gəlir.

Siçovulların beyinlərinin təhlili zamanı asetilkolin siqnallarının pozulması aşkar edilib. Neyronlar arasında siqnal daşıyan asetilkolin, öyrənmə, diqqət və yaddaş üçün əsas əhəmiyyət kəsb edir və alzheimer kimi xəstəliklərdə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür.

Asetilkolin siqnalı heyvanlara bu hadisələri kodlaşdırmağa və yadda saxlamağa imkan verən bir mexanizmdir və bu, insanlara keçmiş hadisələri xatırlamağa imkan verən "epizodik yaddaşa" bənzəyir. 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az