Yay aylarında yüksələn temperatur orqanizmin su və mineral ehtiyacını artırır. Bu dövrdə həm sərinlədən, həm də bədəni dəstəkləyən təbii qidalar xüsusi əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, tər vasitəsilə itirilən mayeni və mineralları bərpa etmək üçün qarpız, xiyar və nanə kimi təzə məhsullar həm ləzzətli, həm də sağlamlıq baxımından olduqca faydalıdır.
Orqanizmdəki su itkisinin qarşısını almaqla yanaşı, immunitet sistemini də gücləndirən bu qidalar yay süfrələrinin əvəzolunmazıdır. Onlar yalnız təravət vermir, həm də vitamin və minerallarla zəngin olmaqla sağlam həyat tərzini dəstəkləyir.
Qarpız – yayın şirin sərinliyi
Tərkibinin 92 faizi sudan ibarət olan qarpız isti günlərdə susuzluğu aradan qaldırmağın ən dadlı yollarındandır. Kalium, C vitamini və likopenlə zəngin olan bu meyvə immuniteti möhkəmləndirir, hüceyrələri ultrabənövşəyi şüalardan qoruyur və antioksidant təsiri ilə orqanizmdəki yorğunluğu azaldır.
Xiyar – təbii rütubət mənbəyi
Xiyarın 95 faizi sudur və bu, onu həm daxildən, həm də dəridən sərinləşdirən möcüzəyə çevirir. Tərkibindəki B və K vitaminləri, maqnezium və kalium bədəni dəstəkləyir. Aşağı kalorili olması sayəsində pəhriz saxlayanlar üçün də ideal seçimdir.
Nanə – təravətin yaşıl gücü
Təzə qoxusu və mentol tərkibi ilə tanınan nanə yayda həm salatlarda, həm də içkilərdə geniş istifadə olunur. Mədəni sakitləşdirir, baş ağrılarını yüngülləşdirir, sinirləri rahatlaşdırır və stressi azaldır. Eyni zamanda həzmi asanlaşdırır, xüsusilə yayda rast gəlinən həzm narahatlıqlarına qarşı təsirlidir.
Ekspert tövsiyəsi
Dietoloqlar yay aylarında gündə azı 2,5 litr su içilməsini tövsiyə edir. Eyni zamanda bu su ehtiyacını dəstəkləyən təbii qidaların — xüsusilə qarpız, xiyar və nanənin — rasionda müntəzəm yer alması vacib sayılır. Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün bu tövsiyələr həyati əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc