Sosial mediada, xüsusilə yatmazdan əvvəl müntəzəm olaraq narahatedici xəbərlər oxumaq ciddi sağlamlıq problemlərinə - hətta insult və ya infarkta səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, kardioloq və psixosomatik sağlamlıq mütəxəssisi Yaroslav Aşıxmin bu barədə xəbərdarlıq edib.
Mütəxəssisə görə, gecələr xəbər lentinə nəzarətsiz baxış insanları sağlam yuxudan məhrum edir və zamanla ciddi somatik xəstəliklərə çevrilən ağır nevrotizmə səbəb olur. İnsan beyni fizioloji cəhətdən ağrı, zorakılıq və qəddarlıq haqqında gündəlik çoxlu miqdarda məlumat istehlakına uyğunlaşmayıb.
Aşıxmin izah edir ki, xroniki ağır stress bu gün ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. Stress immun sistemində ciddi dəyişikliklərə yol açır - hüceyrələr tükənir və qan damarlarına, böyrəklərə, beyinə zərər verməyə başlayır.
Həkim vurğulayır ki, stress bədənin daxili tənzimləyici mexanizmlərini pozur və qan təzyiqini yüksəldir. Təzyiqin cəmi beş millimetr civə sütunu artması insult riskini 15% artırır.
Xroniki stressin uzunmüddətli nəticələri sırasında narahatlıq, depressiya və somatoform pozğunluqlar - qıcıqlanmış bağırsaq sindromu, xəyali ağrılar və şüurla bədən arasındakı əlaqənin pozulması yer alır.
Tərcümə: Könül Oruc