İstirahətinizin keyfiyyətini yaxşılaşdırmağın bir yolu yatmazdan əvvəl kiçik hissələrdə sağlam qida yeməkdir.
E-saglam.az xəbər verir ki, yuxu terapevti Sammy Margo qeyri-adi, lakin təsirli bir axşam qəlyanaltı variantını təklif etdi: bir parça tünd şokolad.
Mütəxəssis vurğuladı ki, tərkibində yüksək miqdarda kakao olan tünd şokoladın orqanizmi yuxuya hazırlamaq üçün idealdır. Tünd şokoladda olan maqnezium sinir sistemini rahatlamağa kömək edir, beyin həyəcanını və stress hormonu kortizolun səviyyəsini azaldır. Bundan əlavə, maqnezium yuxu-oyanma dövrünün təbii tənzimləyicisi olan melatoninin sintezində iştirak edir.
Tünd şokoladın tərkibində olan teobromin və serotonin emosional vəziyyətə müsbət təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır və sakitliyi qoruyur.
Tünd şokoladı zülal və maqneziumla zəngin olan badam və ya qoz kimi sağlam qidalarla birləşdirməyiniz məsləhətdir. Bu, rahatlama təsirini artıracaq və qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edəcəkdir.
Tərcümə: Könül Oruc