Faydalı
Yataq otağınızdakı 3 zəhərli əşya var -
Faydalı
38

Yataq otağınızdakı 3 zəhərli əşya var - yuxunuza təsir edir

Yataq otağında gündəlik istifadə etdiyimiz bəzi əşyalar ciddi sağlamlıq riskləri daşıyır.

E-saglam.az xəbər verir ki, harvard təhsilli amerikalı həkim, qastroenteroloq Dr. Saurabh Sethi bu barədə sosial mediada paylaşdığı video ilə insanları xəbərdar edib. Videoya 2,1 milyon baxış gəlib, 34 min bəyənmə toplanıb.

1. Köhnə yastıqlar – allergen yuvası

Dr. Sethi bildirir ki, uzun müddət istifadə edilən yastıqlar zamanla toz gənələri, tər və allergenlərlə dolur. Bu isə xüsusilə astma və digər tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Araşdırmalar sübut edir ki, toz gənələri ən çox yastıqlarda toplanır və güclü allergik reaksiyalara yol açır.

Mütəxəssis qeyd edir ki, yastıqlar bir-iki ildən bir dəyişdirilməlidir. Əgər yastığınız daha köhnədirsə, onu dəyişdirməyin vaxtı çoxdan çatıb.

2. Sintetik hava təravətləndiriciləri – görünməz təhlükə

İkinci zərərli maddə isə yataq otağında tez-tez istifadə olunan sintetik hava təravətləndiriciləridir. Bu məhsulların tərkibində fitalatlar və uçucu üzvi birləşmələr (VOC) mövcuddur. Bu maddələr tənəffüs problemləri, hormonal pozğunluqlar və hətta məhsuldarlıq problemləri ilə əlaqələndirilir.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) xəbərdarlıq edir ki, bu kimyəvi maddələr başgicəllənmə, baş ağrısı, diqqət pozuntusu və görmə problemlərinə, uzun müddətdə isə ürək və ağciyər xəstəliklərinə səbəb ola bilər. Dr. Sethi bu məhsullar əvəzinə təbii efir yağlarından istifadə etməyi tövsiyə edir.

3. Köhnə döşəklər – keyfiyyətsiz yuxu, bel ağrısı

Üçüncü xəbərdarlıq isə 7-10 ildən çox istifadə olunan döşəklərlə bağlıdır. Zamanla elastikliyini və dəstəkləyici funksiyasını itirən döşəklər yuxu keyfiyyətini azaldır, bel və onurğa ağrılarına səbəb olur. 2023-cü ildə aparılan araşdırma da bu əlaqəni təsdiqləyib.

Cəmiyyətin reaksiyası

Doktor Setinin paylaşımı sosial mediada böyük maraq doğurub. Bəziləri yastıqlarını dəyişmədiklərini etiraf edərək şərh bölməsində “Yastığımın 10 yaşı var” və ya “Yastıqları iki ildən bir dəyişmək? Mənimkilər lap köhnədir” kimi fikirlər yazıblar. Digər istifadəçilər isə bu xəbərdarlığın ətraf mühit üçün əlavə yük olduğunu bildiriblər. Bununla belə, bir çox izləyici bu məlumatlandırmanın vacibliyini vurğulayaraq həkimə təşəkkür edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun