
Norveçin soyuq iqlimində ənənəvi olaraq hazırlanan Bergensk Fiskesuppe həm ləzzətli, həm də faydalı tərkibi ilə seçilir. Bu dəniz məhsulları əsaslı şorba soyuq aylarda immunitet sistemini gücləndirir, orqanizmi enerji ilə təmin edir və sağlamlığı dəstəkləyir.

E-saglam.az xəbər verir ki, ağ balıq, krevet, yerkökü, kartof, ağ kələm, kərə yağı və qaymaqla hazırlanan şorba həm zəngin dad, həm də qida dəyəri təqdim edir. Balıq suyu və ya toyuq suyu ilə bişirildikdən sonra limon suyu, duz, istiotla ədviyyat edilir və sonda təzə şüyüd və ya cəfəri ilə tamamlanır.
Tərkibindəki A, D və B12 vitaminləri, sink, yod və selenium sayəsində bu şorba görmə qabiliyyətindən tutmuş sümük və sinir sistemi sağlamlığına qədər bir çox sahədə orqanizmə dəstək verir. Omeqa-3 yağ turşuları isə ürək sağlamlığını gücləndirir, iltihab riskini azaldır.
Şorbadakı lifli tərəvəzlər bağırsaq fəaliyyətini yaxşılaşdırır, balıq və dəniz məhsulları isə əzələ sağlamlığı üçün vacib olan yüksək keyfiyyətli proteinlə təmin edir.
Bergensk Fiskesuppe təkcə qida deyil, həm də soyuq havalarda orqanizmi qoruyan, enerjini artıran və immun sistemini gücləndirən şəfalı bir seçimdir. Norveçin bu ənənəvi şorbası həm qış süfrələrinin bəzəyi, həm də sağlamlığın təbii dayağıdır.
Tərcümə: Könül Oruc