Uşaqlarda özgüvənsizlik nədən yaranır? - Psixoloq danışır
Uşaqlarda özgüvənsizlik nədən yaranır? - Psixoloq danışır

Hər bir insan üçün özgüvən çox böyük amildir. Özgüvənin olması insanın şəxsiyyətinə, kimliyinə olan qiymətidir. Özgüvəni aşağı olan insanlar, cəmiyyətdə öz yerlərini tapa bilmirlər. Özgüvən elə bir duyğudur ki, uşaqlıq dövründən formalaşmağa başlayır.

Uşaqlarda özgüvənsizlik nədən yaranır? Övladlarımızın özgüvənli olmaları üçün nələri etməliyik?

Məsələ ilə bağlı E-saglam.az-a danışan psixoloq Günel Hacızadə deyir ki, özgüvənsizlik ailədən gələn bir problemdir: "Özgüvənsizlik problemi ailədən qaynaqlanan bir problemdir, bura da ananın rolu çox böyükdür, təbii ki, bəzi ailələrdə atanın da rolu az deyil. Ümumiyyətlə, ananın özü ilə olan münasibətindən tutmuş, uşaqla olan münasibətinə qədər çox məqamlar var. Konkret hansısa problem, ya da hansısa davranışın bütün uşaqlarda özgüvənsizlik yaratdığını deyə bilmərik. Əksinə bəzi uşaqlarda eyni situasiya daha da özgüvən yaradır. Bu məqamda artıq çoxlu məsələlər rol oynayır. Məsələn, ananın prenatal dövründə (hamiləlik vaxtı) özünə və övladına olan münasibəti, həmçinin çevrədəki insanların anaya olan münasibəti çox rol oynayır.

G. Hacızadənin fikrincə, uşaqlarda özgüvənsizliyin yaranmasında valideynlərin rolu çoxdur: "Xüsusilə burada qeyd etmək istədiyim bir nüans var. Fallik deyilən bir dövr var (3-6 yaş arası) - bu dövürdə uşaqlarda edipof və ellektro kompleksi yaranır. Burda qız uşaqları ananı örnək götürür, ataya meyilli olurlar, oğlan uşaqları atanı örnək götürür anaya meyilli olurlar. Əgər uşaq hər iki valideynindən travma alarsa, bu zaman həmin uşaqda ömür boyu özgüvən problemi olur. Digər yaş dövründə də valideynin təsiri var. Əgər uşaq aşırı dərəcədə himayə olunarsa, bu zaman da uşaqda özgüvənsizlik yaranır.

Bir məqamı da qeyd etmək istəyirəm, valideynin uşaqdan gözləntisi çox olur, lakin uşaq bacardığını edir. Uşaq valideynini razı sala bilmir deyə öz bacarığı ilə qane olmur".

Nənə-baba yanında olan uşaqlarda özgüvənin formalaşması haqqında psixoloq G. Hacızadə vurğuladı ki, təbii ki, burada nənə-babanın çox böyük rolu var. Onların istənilən halda uşağın tərbiyəsinə, psixoloji inkişafına, özgüvəninə, hətta  nitqinin inkişafına da təsiri olur. Nənə-baba uşağa daha çox cəsarət verən olurlar. Məsələn, uşaqdı dəyməyin, özü bilər. Ona hər şey olar. Lakin bir müddətdən sonra nənə-baba da, qadağalar qoymağa başlayırlar, bu da uşağın xoşuna gəlmir və bu zaman nənə-baba uşağa deyirlər ki, "sən bunu etsən" , sənin nənən və ya baban olmayacam. Belə olan halda uşağın psixikası pozulur".

Bağçada belə uşaqlara yanaşma necə olmalı olduğunu G. Hacızadə belə izah etdi:"Bağça dövrü uşaqlarda" mən"sözünün formalaşdığı dövrdür. Həmin dövrdə uşaqların cəzalandırılması və yaxud da müdaxilə ediləndə, özgüvən problemi yarada bilir. Mümkün qədər bağçada uşağı nəzarət altında sərbəst buraxmaq lazımdır. Sərbəst buraxmaq dedikdə, uşaq qətiyyən nəzarətsiz qalmamalıdır. Cəsarətləndirici sözlərin limiti olmalıdır. Elə tarazlıq yaranmalıdır ki, uşaqda özgüvən yaratmaq istəyəndə, davranış pozuntusu yaradılmasın.Yeməyini özü yeməlidir, bunun üçün şərait yaradılmalıdır. Bu çox bəsit görünə bilər, lakin bu yaş uşaqlarda özgüvən hissini yaradır. Bir tapşırıq verdikdə uşağı cəsarətləndirmək lazımdır.Cəsarətləndirici sözlərində özünəməxsus limiti olmalıdır. Məsələn, "sən necə yaxşı bacardın bunu, afərin". Hal hazırda ki, dövrdə valideynlər nisbətən məlumatlı olduqlarına görə, uşaqların özgüvənində ki, problem əvvəl ki dövrə baxaraq bir az da olsa düzəlib, amma yenə də istənilən halda bu problemlər çoxdur. Hətta övladlarında özgüvən problemi olduğunu bilməyən valdeyinlər də var. 

Özgüvəni olmayan uşaqlar məktəbdə də, çətinliklərlə üzləşirlər. Psixoloq G. Hacızadənin sözlərinə əsasən bu tip uşaqlara məktəb daxilində müəllimin və şagirdlərin münasibəti çox təsiri edir: "Burada müəllim layiq olduğu halda uşağa tərif etməlidir və onları yaxşı oxumaqları üçün təşviq etməlidir. Məsələn,"mən inanıram ki, gələn dəfə sən dərsə daha yaxşı hazırlaşacaqsan". Uşaq lövhədə dərs danışarkən və sinif yoldaşları ona gülərsə, belə hallar uşağın özgüvəninə, şəxsiyyətinə təsir edir. Bəzi hallarda uşaqlarda sosial fobiya da yaradır. Bəzən müəllim bütün sinfin qarşısında uşağı aşağılayır, bu da uşağın özgüvəninə çox təsir edir. Əgər uşaq məlumatlıdırsa, evdə düzgün özgüvən aşılanırsa, uşağa müəllimin həmin münasibəti çox təsir etmir, çünki, o öz kimliyinin fərqindədir və bu cür münasibət göstərilməsi neqativ təsir edir, lakin onu çox yaralamır. Həmin uşaq gəlib evdə izah edəndə, vurğulayır ki, mənə məktəbdə bu cür davranış oldu və mən bunu düzgün qəbul etmirəm. Təssüf ki, bu cür uşaqlar çox azdır. Ümid edirəm ki, valideynlərimiz daha diqqətli olacaqlar. Bəzən valideynlər uşaqlardan daha çox şey tələb edirlər. Valideynin aşırı tələb etməsi uşaqda içdən-içə bir özgüvənsizlik yaradır. Belə uşaqlar bacardığını edir, lakin valideynləri qane edə bilmir. Bu cür uşaqları ətraf uğurlu sayır, məktəbdə uğurludur, lakin uşaqda bir özgüvənsizlik var".

G. Hacızadənin fikrincə, evdəki şiddət uşağın özgüvəninə çox təsir edir: "İstənilən şiddətin mənfi təsiri olur. İstər bu mənəvi və ya fiziki şiddət olsun. Lakin, mənəvi şiddət də belə bir xüsusiyyət var ki, özgüvəni çox sarsır. Fiziki şiddət uşaqlarda özgüvəni sarsır, bəzən isə əksinə davranış pozuntusu yaradır. Məsələn, uşağa" bunu etmə" deyirsən, uşaq isə sənə baxa-baxa həmin hərəkəti təkrar edir. Bu halda fiziki şiddət onlar üçün bir mükafat halına çevrilir. Valideyn neqativ sözlərdən istifadə edəndə, uşağın şəxsiyyətinə toxunur, özgüvənini sarsır. Bizə nə qədər də uşaqsayağı görünsə də bu davranış uşağı baltalayır. "Sən pis uşaqsan" deməkdənsə, deyilməlidir ki, "sənin bu davranışın" pisdir. İnanın ki, bu uşağın davranışını dəyişəcək, nəyin ki, "sən pis uşaqsan" demək. Çünki, 1-ci də uşağın şəxsiyyətini təhqir edirsiz, 2-ci də isə onun davranışının yanlış olduğunu vurğulayırsız". 

Əgər ailədə özgüvənsiz uşaq varsa, valideyn ilk olaraq  evdəki mühiti müşahidə etməlidir, uşaqla özünün münasibətinə  də diqqət yetirməlidir.

Həbibə