Sağlamlıq
Əlləri yumaq xəstəlik
Sağlamlıq
120

Əlləri yumaq xəstəlik riskini azaldır

İnfeksion xəstəliklər üzrə mütəxəssis, professor Yasəmin Çağ bildirib ki, bakteriya, virus və göbələk kimi saysız mikroorqanizmlərlə təmasda olan əllərin yuyulması insanı həm fərdi olaraq xəstəliklərdən qoruyur, həm də cəmiyyətin sağlamlığına töhfə verir.

E-saglam.az xəbər verir ki, İstanbul Mədəniyyət Universitetinin Tibb fakültəsinin və Göztepe Süleyman Yalçın Şəhər Xəstəxanasının həkimi olan prof. Çağ 15 oktyabr – Dünya Əl Yuma Günü münasibətilə verdiyi açıqlamada vurğulayıb ki, əllər təmiz görünsə də, onların üzərində bakteriyalar, viruslar, göbələklər və parazitlər kimi çoxsaylı xəstəlik törədiciləri olur. Buna görə də əl gigiyenasına ciddi diqqət yetirmək lazımdır.

Əlləri yumağın əhəmiyyəti:

Professor qeyd edib ki, əllər mütəmadi yuyulmadıqda infeksiya törədiciləri həm insana, həm də onun ətrafındakı insanlara keçə bilər:

“Bir nəfəs yolları infeksiyasını düşünün. Xəstə insandan sağlam insana keçməsi üçün təmas kifayətdir. Əgər o mərhələdə əllər yuyularsa, yoluxmanın qarşısı alınır. Beləcə, həm özümüzü, həm də cəmiyyət sağlamlığını qorumuş oluruq”.

Düzgün əl yuma qaydası:

Prof. Çağ bildirib ki, əlləri yumaq mümkün olmadıqda spirt əsaslı dezinfeksiyaedici vasitələr və ya nəm salfetlər qismən faydalı ola bilər. Xüsusilə ictimai nəqliyyatdan istifadə edənlərin yanlarında əl dezinfektanı gəzdirmələri tövsiyə olunur.

Əlləri səmərəli yumaq üçün:

- Əlləri əvvəlcə su ilə islatmaq,

- Sabun çəkmək,

- Baş barmaq, barmaq araları və dırnaq altlarını da daxil olmaqla ən azı 20 saniyə yumaq vacibdir.

Mütəxəssis əlavə edib ki, bərk və ya maye sabun arasında fərq yoxdur, əsas məsələ – əllərin kifayət qədər və düzgün müddətdə yuyulmasıdır.

Gün ərzində riskli yerlər:

Çağ xəbərdarlıq edib ki, insanlar gün ərzində çoxsaylı səthlərə toxunurlar:

“Xüsusilə ictimai nəqliyyatda tutacaqlar, pilləkən məhəccərləri, lift düymələri, qapı qolları və ictimai tualetlər mikroblarla zəngindir”.

Əllərin yuyulmalı olduğu vəziyyətlər:

Mütəxəssis bildirib ki, Türkiyədə əl yuma vərdişi yüksək səviyyədədir, lakin bu davranışın davamlı qorunması vacibdir. Valideynlər öz davranışları ilə uşaqlara nümunə olmalıdırlar.

Sadə bir vərdişlə – əl yumaqla:

- Qrip və yuxarı tənəffüs yolu infeksiyalarının beşdə birini,

- İshal və qida zəhərlənmələrinin isə üçdə birini önləmək mümkündür.

Bu, xəstəliklərin qarşısını almağın ən sadə, ucuz və təsirli üsuludur.

Əlləri aşağıdakı hallarda mütləq yumaq lazımdır:

- Yemək bişirməzdən əvvəl və sonra,

- Yeməyə başlamazdan əvvəl və bitirdikdən sonra,

- Tualetə girməzdən əvvəl və çıxdıqdan sonra,

- Asqırdıqdan, öskürdükdən və burunu sildikdən sonra,

- Bayırdan evə qayıtdıqda,

- Heyvanlarla təmasdan və ya onlara qulluq etdikdən sonra.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun