Böyrəklər bədənimizin “səssiz çoxfunksiyalı” orqanlarıdır. Onlar həyati vacib vəzifələri yerinə yetirirlər: tullantı maddələri süzür, maye və duz balansını qoruyur, hormonlar istehsal edir və orqanizmin kimyəvi tarazlığını təmin edirlər. Lakin səssiz işlədikləri üçün böyrək zədələnməsi çox vaxt aşkar əlamətlər olmadan inkişaf edir. Simptomlar ortaya çıxdıqda isə artıq ciddi zərər baş vermiş ola bilər.
E-saglam.az xəbər verir ki, dünya üzrə 850 milyondan çox insan böyrək xəstəliklərindən əziyyət çəkir. Bu, həm xroniki böyrək çatışmazlığı, həm də kəskin böyrək pozğunluğu hallarıdır. Mütəxəssislər bildirirlər ki, insan çox zaman simptomları hiss etməzdən əvvəl böyrəklərinin 90%-ə qədər funksiyasını itirə bilər.
Yaxşı xəbər odur ki, bir çox hallarda böyrək xəstəlikləri və ya böyrək zəifləməsi, gündəlik vərdişlərimizdəki səhvlərdən qaynaqlanır. Bu davranışları vaxtında dəyişmək böyrəkləri qorumağa və zədələnməni dayandırmağa kömək edə bilər.
Yetərsiz maye qəbulu:
Kifayət qədər su içməmək böyrəklərin daha çox işləməsinə səbəb olur, çünki orqanizm atıqları çıxarmaq üçün daha çox enerji sərf edir. Uzunmüddətli susuzluq, xüsusilə isti iqlimlərdə və ya fiziki fəaliyyət zamanı, böyrəklərdə zədələnməyə yol aça bilər. Tünd rəngli və az miqdarda sidik bədənin maye çatışmazlığının xəbərçisidir.
Həddindən artıq duz istifadəsi:
Duzun çox qəbulu qan təzyiqini yüksəldir və bu da böyrəklərdəki kiçik damarların zədələnməsinə səbəb olur. Nəticədə böyrəklərin süzmə qabiliyyəti azalır. Fast food, konservləşdirilmiş məhsullar, qəlyanaltılar və turşular ən çox duz ehtiva edən qidalardır.
Şəkərli içkilərin çoxluğu:
Qazlı və şəkərli içkilər insulin müqavimətini artırır, sidik turşusunu yüksəldir və metabolik stress yaradır. Bu da dolayısı ilə böyrəklərə zərər verir. Araşdırmalar göstərir ki, şəkər və fosfatla zəngin işlənmiş qidalar böyrəklərə “səssizcə” zərbə vurur.
Həddən artıq protein istehlakı:
Protein vacib qida maddəsidir, amma onun çox qəbul edilməsi — xüsusilə heyvani mənşəli proteinlər — böyrəklərin daha çox işləməsinə səbəb olur. İşlənmiş ətlər, kolalar və paketlənmiş qidalar fosfor qatqıları baxımından zəngindir, bu isə artıq zəifləyən böyrəklərdə zədələnməni sürətləndirə bilər.
Ağrıkəsicilərin tez-tez istifadəsi:
İbuprofen, naproksen, aspirin kimi steroid olmayan iltihab əleyhinə dərmanlar, böyrəklərə gedən qan axınını azaldır. Bu dərmanlardan tez-tez və uzunmüddətli istifadə xroniki və ya kəskin böyrək zədələnməsi yarada bilər.
Daimi stress və yuxusuzluq:
Yuxu bədənin özünü bərpa etdiyi zamandır. Yuxusuzluq və stress yüksək təzyiq, iltihab və metabolik pozğunluqlara səbəb olur ki, bunlar da böyrəklərə dolayısı ilə zərər verir. Uzunmüddətli stress hormonal tarazlığı pozaraq böyrək fəaliyyətini zəiflədir.
Siqaret və alkoqol:
Siqaret böyrək damarlarını daraldır, oksidləşdirici stressi artırır. Alkoqol isə bədəni susuzlaşdırır və qan təzyiqini yüksəldir. Bu faktorlar birlikdə böyrəklərin müqavimətini azaldır, hipertoniya və diabet riskini artırır – hər ikisi də böyrək xəstəliklərinin əsas səbəblərindəndir.
Tərcümə: Nəzrin Abbas