
Ramazan ayı müsəlmanlar üçün ibadət, səbir və mənəvi dəyərləri ön plana çıxarmaq zamanıdır. Oruc tutmaq İslamın vacib əməllərindən biri olsa da, bu, əsasən yetkinlik yaşına çatmış müsəlmanlara vacib sayılır, lakin bir çox ailələrdə uşaqlar da oruca maraq göstərir və valideynlər onların oruc tutub-tutmaması məsələsində tərəddüd yaşayırlar.

Bəs uşaqların oruc tutması sağlamlıq baxımından nə dərəcədə doğrudur? Bunun dini tərəfi necə izah olunur? Mütəxəssislərlə bu istiqamətdə suallara aydınlıq gətirməyə çalışmışıq.
E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi Elnur Əzimli deyib ki, ibadətlər insana yetkinlik yaşına çatdıqdan sonra vacib olur:
"Allah oruc tutmağı Qurani-Kərimdə biz müsəlmanlara birbaşa əmr edib. Eyni zamanda, oruc dinimiz İslamın beş əsas şərtindən biridir. Müsəlman olan, ağıllı hesab edilən və yetkinlik yaşına çatmış hər bir şəxs oruc ibadətini yerinə yetirməlidir. Həzrəti Peyğəmbər bir hədisində belə buyurub: "Üç şəxsdən məsuliyyət qaldırılıb: yatandan oyanıncayadək, dəlidən ağıllanıncayadək, uşaqdan yetkinlik yaşına çatıncayadək".
Yəni yetkinlik yaşına çatmamış uşaqlar ibadət etmək məsuliyyəti daşımırlar".
E.Əzimli, həmçinin qeyd edib ki, gələcək üçün mənəvi cəhətdən sağlam nəsillər yetişdirmək üçün uşaqlara ailədə kiçik yaşlarından etibarən milli-mənəvi, dini dəyərlər öyrədilməlidir:
"İnsanın duyğu, düşüncə və xarakteri, əsasən, uşaq yaşlarında formalaşır. Ailə uşağın doğulduğu, sosiallaşmağa başladığı ilk institutdur. Uşaqlar ilkin mərhələdə bir çox xüsusiyyətlərini valideynlərindən təqlid edərək öyrənirlər. Valideynlərin etdiklərini təkrarlamağa meyilli olurlar. Kiçik yaşlarından etibarən, hətta namaz qılan valideynlərini müşahidə edən uşaqlar namazın bir çox hərəkətlərini təkrarlamağa başlayırlar. Yəni valideynlərin mənəvi ab-havası və halı uşaqlara birbaşa sirayət edir. Yetkinlik yaşına çatdıqdan sonra dini məsuliyyətlərini daha rahat yerinə yetirsin deyə uşaqlar ailədə kiçik yaşlarından etibarən ibadətlərə alışdırılmalıdırlar".
E.Əzimli bildirib ki, oruc nisbətən ağır və fiziki güc tələb edən bir ibadətdir, buna görə uşaqların fiziki xüsusiyyətlərini, sağlamlıqlarını nəzərə alıb oruc uşaqlara tədricən və sevdirilərək öyrədilməlidir:
"Hər şeydən əvvəl orucun hikməti və fəziləti uşağa başa düşəcəyi tərzdə izah edilməli, oruc ikən əlinə və dilinə sahib olmalı, pis işlər görməkdən uzaq durmalı olduğu öyrədilməlidir. Bütün günü ac və susuz qalmaq çətin olduğu üçün ilk mərhələdə uşaqlara günün müəyyən vaxtlarında oruc tutdurula bilər. Məsələn, səhərdən-günortaya qədər və ya günortadan-axşamadək. Uşaqlar oruca həvəsləndirilməli, oruc tutduqları üçün sevindirilməli, hətta onlara hədiyyələr də verilməlidir.
Yetkinlik yaşına çatdıqdan sonra isə hər kəs fərdi olaraq ibadətlərindən məsuldur. Bu yaşdan sonra günlük vaxt namazlarını qılmaq, Ramazan orucunu tutmaq hər bir müsəlman şəxs üçün vacibdir".
Yetkinlik yaşına gəlincə, E. Əzimli deyib ki, dini baxımdan bu, bədənin qazandığı xüsusiyyətlərlə əlaqəlidir:
"Yetkinlik yaşı şəxsdən-şəxsə, iqlimə və ya coğrafi əraziyə görə fərqlilik göstərə bilər. Bir çox insan 12-15 yaş arasında yetkinlik yaşına girmiş olur. Ümumiyyətlə, 15 yaşına çatmış hər bir şəxs fiziki olaraq tam yetişməsə belə, dini baxımdan yetkinlik yaşına çatmış hesab olunur".
Ac qalmağın uşaq orqanizminə təsirləri barədə danışan ailə həkimi, pediatr Sənəm Şabanova cavablayıb. Həkim deyib ki, uşaqların uzun müddət ac qalması onların sağlamlığına ciddi şəkildə mənfi təsir göstərə bilər, çünki böyümə və inkişaf prosesi üçün orqanizm mütəmadi olaraq enerji və vacib qida maddələri almalıdır:
"Uzun müddət qida qəbul etmədikdə uşaqda halsızlıq, baş gicəllənməsi, diqqət və yaddaş problemləri, hətta immun sisteminin zəifləməsi baş verə bilər. Xüsusilə də kiçik yaşlı uşaqların qan şəkəri sürətlə aşağı düşdüyü üçün onlar tez yorula, əsəbi ola və ya hətta huşlarını itirə bilərlər.
Ümumiyyətlə, 10-12 yaşa qədər uşaqların uzun müddət ac qalması tövsiyə edilmir. Hətta bundan sonra da əgər uşaq oruc tutmaq və ya başqa səbəblərdən uzun müddət qida qəbul etməmək istəyirsə, bu, tədricən edilməli və həkimlə məsləhətləşməlidir".
Sağlam qalmaq üçün uşaqların qidalanmasına gəlincə, həkimin sözlərinə görə, onların qida rasionu balanslı və müxtəlif qidalardan ibarət olmalıdır:
"Uşaqların gündəlik rasionunda zülallar (ət, balıq, yumurta, paxlalılar), sağlam yağlar (kərə yağı, zeytun yağı, qoz-fındıq), kompleks karbohidratlar (tam taxıllar, tərəvəzlər) və vitamin-mineral mənbələri (meyvələr, süd məhsulları) olmalıdır. Həmçinin kifayət qədər su içmək də çox önəmlidir".
Həkim vurğulayıb ki, valideynlər uşaqlarının qidalanmasına nəzarət edərkən onların qida rasionunun təkcə doyurucu deyil, həm də vitaminli olmasına diqqət etməlidirlər:
"Uşaqların qida rasionunda fast-fud, qazlı içkilər və şəkərli qidalar azaldılmalı, təbii və evdə hazırlanmış yeməklərə üstünlük verilməlidir. Həmçinin, uşaqları yeməyə məcbur etməmək, onlara sağlam qidaları sevdirərək yeməyi vərdiş halına salmaq vacibdir. Ən əsası isə uşaqların fiziki və əqli inkişafını dəstəkləyəcək düzgün qidalanma üçün bir pediatr və ya qidalanma mütəxəssisi ilə məsləhətləşmək tövsiyə edirəm".