Bir çox insan soyuq havaların başlaması ilə saçlarının daha sürətlə töküldüyünü müşahidə edir. Bəziləri bunu təbii proses, digərləri isə təsadüf hesab edir.
E-saglam.az xəbər verir ki, "Doctor Hair" klinikasının trixoloqu və mütəxəssisi Liya Peşşu müsahibədə mövsümi saç tökülməsinin elmi əsaslarını izah edib.
Normal şəraitdə saçlar bir neçə mərhələdən keçir: aktiv böyümə mərhələsi (anagen - 3 ildən 6 ilə qədər), keçid mərhələsi (katagen - 2-3 həftə) və istirahət mərhələsi (telogen - 3-4 ay). Daha sonra saç tökülür və yerində yeni saç çıxır. İstənilən vaxt saçların təxminən 10-15%-i telogen mərhələdə olur ki, bu da tamamilə normal sayılır.
Lakin anagen mərhələsi vaxtından əvvəl dayanarsa və saçlar kütləvi şəkildə telogen mərhələyə keçərsə, problem yaranır. Bu vəziyyət telogen effluvium adlanır və alopesiyanın ən geniş yayılmış formalarından biridir.
Mütəxəssisin sözlərinə görə, mövsümi saç tökülməsi bir neçə amilin təsiri ilə baş verir. Payız və yaz aylarında temperaturun kəskin dəyişməsi, qrip və respirator infeksiyaların artması (həmçinin bəzi dərmanların təsiri), stress, depressiya və apatiya səviyyəsinin yüksəlməsi əsas səbəblər sırasındadır. Bundan əlavə, günəşli günlərin azalması D vitamini çatışmazlığına gətirib çıxarır.
Həkim qeyd edir ki, soyuq mövsümdə bu faktorlar bir araya gələrək saç tökülməsini gücləndirir.
Bu problemin müalicəsi isə uzunmüddətli və fərdi yanaşma tələb edir. Adətən müalicə 2-4 ay davam edir, daha mürəkkəb hallarda isə daha uzun çəkə bilər. Müasir üsullara fizioterapiya, darsonvalizasiya, lazer terapiyası, işıq terapiyası və elektroporasiya daxildir.
Liya Peşşu vurğulayıb ki, mövsümi saç tökülməsi mif deyil — payız və qış aylarında trixologiya klinikalarına müraciət edənlərin sayı həqiqətən artır. Onun əsas tövsiyəsi isə saç tökülməsi başlayanda gözləmədən vaxtında həkimə müraciət etməkdir.
Ekspert sonda bildirib ki, saç tökülməsinin qarşısını almaq, sonradan saçın yenidən uzanmasını stimullaşdırmağa çalışmaqdan daha effektiv yanaşmadır.
Tərcümə: Könül Oruc