"Bəzi xüsusi yağ xəstəlikləri var. Bədən özü yağı parçalaya bilmir, ona görə, uşaqlarda da ürək problemi yarana bilir".
E-saglam.az xəbər verir ki, bu sözləri "Kaspi"yə müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib. Onun sözlərinə görə, ancaq bu, çox nadir hallarda olur:
"Ən gənc gördüyüm xəstə 18 yaşında olub. 25 yaşlarda ürək xəstəliklərinə rast gələ bilirik. Bunlar da çox nadir hallardır. Əksərən 40 yaşdan sonra başlayır. 25-30 yaşlarda kimlər risk altındadır? Ailəsində qəfləti ürəktutmasından dünyasını dəyişən, gənc yaşda ürək xəstəliyi olan, gənc yaşda infarkt keçirən varsa, onlar daha diqqətli olmalıdırlar. Çox siqaret çəkən, narkotik maddə istifadə edənlərdə də gənc yaşda rast gəlinir. Çünki damarda qəflətən tromb yığılmasına səbəb olur. Damarda xəstəlik olmasa da, narkotik istifadəçilərində damarda tromb yaranır. Şəkəri olan insanlar da risk altındadır".
Aygün Asimqızı