Qastroenteroloqlar Melissa Hershman və Valentine Millien tualetdə keçirilə bilən maksimum vaxtı açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssislər HuffPost-a verdiyi müsahibədə tualetdə uzun müddət oturmağın sağlamlıq üçün niyə təhlükəli olduğunu izah ediblər.
Hershmanın sözlərinə görə, bağırsaq boşalması normalda gərginlik olmadan asanlıqla baş verməlidir. Mütəxəssis xüsusilə vurğulayır ki, gərginlik özü tualetdə uzun müddət oturmaqdan daha zərərlidir.
Millien isə konkret vaxt həddini açıqlayıb. Həkimin sözlərinə görə, beş dəqiqə ərzində nəticə olmursa, tualeti tərk edib daha sonra qayıtmaq daha düzgündür. Mütəxəssis izah edir ki, zamanla tualetdə uzun oturmaq vərdişi hemoroid, anal çatlar, bağırsaq problemləri və çanaq döşəməsi əzələlərinin zəifləməsinə səbəb ola bilər.
Mütəxəssislər tualetdə smartfondan istifadəni də əlavə risk faktoru hesab edir - bu vərdiş insanların orada lazımsız yerə daha çox vaxt keçirməsinə yol açır.
Həkimlər həmçinin xatırladır ki, nəcisdə qan görünməsi, ağrı və ya bağırsaq vərdişlərindəki dəyişikliklər mütəxəssisə müraciət üçün ciddi səbəbdir - bu əlamətlər ciddi bağırsaq problemlərinin işarəsi ola bilər.
Tərcümə: Könül Oruc