Son illərdə insanlar adi içkiləri daha təbii və sağlam alternativlərlə əvəz etməyə çalışır. Bitki mənşəli dəmləmələr və ekstraktlar həm orqanizmə müsbət təsir göstərir, həm də təbii tərkibi ilə diqqət çəkir. Bu baxımdan şüyüd suyu həm ənənəvi, həm də müasir qidalanma yanaşmalarında faydalı vasitə kimi önə çıxır.
E-saglam.az xəbər verir ki, şüyüd suyu – əsasən şüyüd toxumlarından hazırlanan, efir yağları və faydalı maddələrlə zəngin bir dəmləməyə verilən addır. Bu içki antispazmodik, sakitləşdirici və həzmə kömək edən xüsusiyyətlərə malikdir.
Tərkibində anetol, fenkon, limonen kimi efir yağları, flavonoidlər (antioksidantlar), kalium, dəmir, kalsium, B qrupu vitaminləri və C vitamini mövcuddur.
Şüyüd suyunun faydaları
– Həzm sisteminə müsbət təsir göstərir, qaz və şişkinliyi azaldır, bağırsaq hərəkətini tənzimləyir.
– Yüngül sidikqovucu təsirə malikdir, orqanizmdəki artıq mayeni xaric edir.
– Sinir sistemini sakitləşdirir, yuxusuzluq və gərginlik zamanı faydalı ola bilər.
– Ürək-damar sistemini dəstəklədiyi və qan dövranını yaxşılaşdırdığı bildirilir.
– Antioksidant təsiri ilə dəri və maddələr mübadiləsi pozğunluqlarında dəstək ola bilər.
Evdə şüyüd suyu necə hazırlanır?
Bir çay qaşığı şüyüd toxumunu əzib 200 ml qaynar su ilə qarışdırın. Qapağı örtərək 30-40 dəqiqə dəmləyin, sonra süzün. Gündə 2-3 dəfə, yeməkdən əvvəl 50-100 ml içilə bilər. Soyuducuda bir gündən çox saxlanmamalıdır.
Uşaqlar üçün dozanı pediatr təyin etməlidir. Müalicə müddəti adətən 7 gündən çox olmamalıdır.
Əks göstərişlər
– Şüyüdə qarşı allergiyası olanlar istifadə etməməlidir.
– Hipotoniya (aşağı təzyiq) problemi olanlara tövsiyə edilmir.
– Hamilə qadınlar üçün təhlükəli ola bilər, çünki uşaqlıq yığılmalarını artırır.
– Mədə və onikibarmaq bağırsaq xorası olanlar ehtiyatlı olmalıdır.
– Ağır böyrək xəstəliklərində istifadə edilməməlidir.
Tərcümə: Könül Oruc