Stress altında olanda yemək ehtiyacı hiss edirsinizsə...
Stress altında olanda yemək ehtiyacı hiss edirsinizsə...

Stress altında olduğumuz zaman tez-tez emosional olaraq yeməyə meyl edə bilərik.

Bu sözləri E-saglam.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi, nutrisioloq Yeganə Nəsirli deyib.

O, bildirib ki, stress zamanı həddindən artıq yeməyin qarşısını almaq üçün bu strategiyalardan istifadə edə bilərsiniz:

1. Doğrudanmı acam, yoxsa sadəcə emosional yemək ehtiyacı hiss edirəm? Öncə bunu ayırd edin.

2. Əlinizin altında həmişə sağlam qəlyanaltıları hazır saxlayın: Məsələn, meyvə dilimləri, qoz-fındıq, qatıq kimi qəlyanaltılar seçə bilərsiniz. Bu sizi fast-food, şirniyyat kimi qlisemik indeksi yüksək olan qidalardan uzaq tutacaq.

3. Balanslı qidalanaraq ani aclıq hissinin qarşısını almış olursunuz. Tərkibində protein, kompleks karbohidratlar və sağlam yağlar, lif olan yeməkləri seçin.

4. Stresslə mübarizə üsullarından istifadə edərək stress səviyyənizi azalda bilərsiniz. Yoqa, meditasiya və dərin nəfəs məşqləri kimi üsullar stressinizi azalda və emosional yemək ehtiyacını azalda bilər.

5. Yeyərkən yavaş-yavaş yeyin, sizi stresə salan hadisəni düşünün və ona başqa prizmadan baxmağa çalışın. Bu zaman həm daha az kalori almış olacaq, həm də stressi idarə etmiş olacaqsınız.

6. Stresslə mübarizə üçün alternativ yollar axtarın. İdman etmək, hobbilərlə məşğul olmaq və sosial dəstək almaq və s. 

Bu strategiyaları həyata keçirməklə siz sağlam qidalanma vərdişlərini qoruya və stress zamanı həddindən artıq yemək vərdişlərini nəzarətdə saxlaya bilərsiniz.

E-saglam.az