Stres və qorxunun yaratdığı XƏSTƏLİKLƏR –
Stres və qorxunun yaratdığı XƏSTƏLİKLƏR –

Bir çox xəstəliklər məhz xroniki streslə bağlı olur. Mütəxəssislər bildirirlər ki, insanın gündəlik həyatında tez-tez stres, qorxu keçirməsi və yaxud elə vəziyyətlərdə olması onda müəyyən xəstəliklərin yaranmasına və yaxud inkişafına səbəb olur.

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nevroloq Xədicə Xankişiyeva stresdən, qorxudan yaranan xəstəliklər və onların müalicəsi barədə fikirlərini bildirib.

O, deyib ki, stresin hansı orqanda xəstəlik yaratması genetik faktorlarla bağlıdır:

“Qorxu stressin yaranmasına səbəb olur, stress isə bütün xəstəliklərin yaranma səbəblərində ilkin faktordur. Bu, bir növü genetikayla da bağlıdır. Yəni, genetik olaraq orqanizmin hansı funksiyası, hansı orqanı zəifdirsə, o, stresə daha tez cavab verir.

Məsələn, kimdəsə stresdən sonra hormonal balans pozulması ola bilər, kimdəsə isə mədə-bağırsaq xəstəlikləri yarana bilər. Hazırda geniş yayılmış autoimmun xəstəliklərin də başlıca səbəbi stressdir”.

Stressdən yaranan xəstəliklərin müalicəsi necə aparılmalıdır?

“Səbəbi stres olan xəstəliklərin müalicəsi iki həkimlə aparılmalıdır. Əgər xəstəlik stresdən sonra yaranıbsa, qastroenteroloq və yaxud endokrinoloq analiz toplamalıdır. Xəstənin analizində stresdən sonra xəstəlik yarandığı görünürsə, onun müalicəsinin nevroloqla birgə aparılması daha məqsədəuyğundur. Çünki ilkin mərhələdə xəstənin stres faktını aradan qaldırmalı, onun əhval-ruhiyyəsini düzəltməliyik ki, xəstəlik müalicəyə müsbət cavab versin”,- deyə müsahibimiz sonda cavablayıb.

“Stres və qorxudan panik atak, sarışan hallar, təşviş pozuntusu, nevroz diabet, hipertoniya yarana bilər”.

Bu sözləri isə psixoterapevt Aysel Məmmədova qeyd edib.

“Bu xəstəliklərə tutulan xəstələr təbii ki, həkimə müraciət etməli, vəziyyətin mürəkkəbləşməyini, baş verən halların onların bədənində reaksiya yaratmasını gözləməməlidirlər. Əgər bir insan özünü davamlı olaraq məyus, ümidsiz hiss edirsə, deməli, onun psixoloji, mental bir xəstəliyi var. Bunun aradan qaldırılması üçün psixoterapevtə müraciət mütləqdir”.

Müsahibimiz sonda onu da əlavə edib ki, müalicənin preparatlar, yoxsa danışıq üsulu ilə aparılması düzgün müalicədən sonra bilinəcək.

E-saglam.az