“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində də tibbi turizmin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb".
E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində çıxış edərkən deyib.
O, bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və hesabat sənədi hazırlanıb:
"Eyni zamanda, Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumları ilə birlikdə sağlamlıq turizmin inkişafı ilə bağlı strategiya sənədi üzərində işlər aparmaqdadır.
Həmçinin sektorun inkişafı ilə bağlı müxtəlif dövlət və özəl, habelə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb.
İşçi qrupun əsas vəzifəsi sağlamlıq turizminin və onun vacib tərkib hissəsi olan tibbi turizmin inkişaf etdirilməsi istiqamətində mövcud nöqsanların müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı qarşılıqlı fəaliyyətin təşkil edilməsidir".
F.Nağıyev bildirib ki, bu gün tibbi turizm dünyanın bir sıra ölkələrində əsas turizm məhsullarından birinə çevrilir və ölkəyə əlavə valyuta daxil olması baxımından vacib istiqamətlərdən biri kimi qəbul olunur.
Bu istiqamətdə geniş imkanlarımız var və əlaqəli şəkildə işləməklə ciddi uğurlar əldə edə bilərik.
Bütövlükdə, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin regional və beynəlxalq olaraq sağlamlıq turizmi üzrə imkanlarının tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili əsas hədəflərimiz arasındadır.
Bildiyiniz kimi, Naftalanın müalicəvi nefti, Naxçıvanın Duz dağı, Kəlbəcərin İstisuyu və digər təbii və müalicəvi resurslarımız tarixən regional və beynəlxalq tanınmaya nail olub. Qarabağ və Şərqi Zəngəzurda zəngin sağlamlıq turizmi potensialı mövcuddur.
Bu baxımdan, Kəlbəcər və Laçının balneoloji imkanları xüsusilə seçilir".