Ət və süd məhsullarını qəbul etdikdən bir neçə saat sonra bədəndə qaşınma, şişkinlik və ya qəfil narahatlıq yaranırsa, bu, qida zəhərlənməsi deyil, Alpha-gal sindromu adlanan gecikmiş allergik reaksiyanın göstəricisi ola bilər.
E-saglam.az-ın məlumatına görə, bu sindrom, əsasən gənə dişləməsi nəticəsində yaranır və son illər bütün dünyada, xüsusilə ABŞ-da sürətlə yayılmaqdadır.
Alpha-gal sindromu nədir?
Alpha-gal sindromu adını “qalaktoza-alfa-1,3-qalaktoza” adlı şəkər molekulundan alır. Bu molekul inək, donuz, dovşan və maral kimi məməlilərin toxumalarında olur, lakin insan orqanizmində təbii olaraq mövcud deyil.
Gənə dişlədikdə, tüpürcəyi vasitəsilə bu molekulu insan qanına ötürür. İmmunitet sistemi bu maddəni yad və təhlükəli qəbul edərək ona qarşı antikor istehsal etməyə başlayır. Sonrakı mərhələdə ət və süd məhsulları qəbul edildikdə, bu molekul yenidən orqanizmə daxil olur və nəticədə allergik reaksiya yaranır.
Əlamətlər adətən gec başlayır
Sindromun simptomları adətən gənə ilə təmasdan 1-3 ay sonra inkişaf edir. Ət və ya süd məhsullarını qəbul etdikdən 2-6 saat sonra aşağıdakı əlamətlər müşahidə oluna bilər:
-
Şiddətli qaşınma və səpkilər
-
Qarın ağrısı, ürəkbulanma, ishal
-
Ağız, üz və ya boğazda şişkinlik
-
Ağır hallarda anafilaktik şok
Təəssüf ki, bir çox həkim bu simptomları vaxtında tanıya bilmir. 2022-ci ildə ABŞ-da aparılan araşdırmaya görə, həkimlərin 42%-i Alpha-gal sindromu haqqında heç eşitməyib.
Hansı gənələr bu xəstəliyi ötürür?
Ən çox tanınan daşıyıcı ABŞ-nin cənub-şərqində yayılan “tək ulduz” gənəsi olsa da, artıq Avropa da daxil olmaqla altı qitədə müxtəlif gənə növlərinin bu xəstəliyi yaydığı müəyyən edilib. Bunlara qara ayaqlı maral gənəsi də daxildir.
Xəstəlik niyə yayılır?
Mütəxəssislər artan halları aşağıdakı səbəblərlə əlaqələndirirlər:
-
Gənə populyasiyasının sürətlə artması
-
İqlim dəyişikliyi və maral sayının çoxalması
-
İnsanların təbiətə daha çox çıxması (gəzinti, düşərgə və s.)
Parazitoloq professor Li Rafuse-Haines qeyd edir:
“Əvvəllər bu sindromun yalnız ABŞ-ın cənub-şərqində yayıldığı düşünülürdü. Bu gün artıq altı qitədə hallara rast gəlinir.”
Müalicəsi varmı?
Hal-hazırda Alpha-gal sindromunun tam müalicəsi yoxdur. Ancaq bu vəziyyətdə:
-
Ət, süd və jelatin kimi heyvan mənşəli məhsullardan uzaq durmaq
-
Yeni gənə dişləmələrindən qorunmaq
-
Şiddətli hallarda EpiPen (epinefrin inyeksiyası) daşımaq
-
Qida etiketlərini diqqətlə oxumaq və ehtimal olunan xəbərdarlıqlara fikir vermək tövsiyə olunur.
Bəzi xəstələrdə, illərlə tətikləyici qidalardan uzaq qaldıqdan sonra allergiyanın azalması müşahidə oluna bilər.
Elm hələ araşdırır
Alimlər hələ də bu suallara cavab axtarırlar:
-
Niyə bəzi insanlar ciddi reaksiya verir, digərləri heç simptom yaşamır?
-
Gənənin hansı tərkibi reaksiyanı yaradır – dişləməsi, yoxsa tüpürcəyi?
-
Kimlər risk altındadır?
Elm adamları hesab edirlər ki, növbəti 10 il ərzində sindromun diaqnostikası və qarşısının alınması sahəsində ciddi irəliləyişlər olacaq.
Gənə dişləməsindən necə qorunmalı?
-
Təbiətə çıxarkən uzunqol və uzun şalvar geyinin
-
Açıq havadan qayıdanda bədəninizdə gənə olub-olmadığını yoxlayın
-
DEET tərkibli gənə əleyhinə sprey istifadə edin
-
Ev heyvanlarınızı mütəmadi olaraq gənə baxımından yoxlayın
Əgər ət və ya süd qəbulundan sonra təkrar olunan gecikmiş allergik əlamətlər müşahidə edirsinizsə, mütəxəssisə müraciət edib Alpha-gal sindromu üçün müayinə olunmanız tövsiyə edilir.
Tərcümə: Könül Oruc