Su içmək sağlamlığımız üçün vacib olsa da, mütəxəssislər onun nə qədər içildiyi qədər nə vaxt içildiyinin də önəmli olduğunu bildirirlər.
E-saglam.az-ın məlumatına görə, gecə yatmazdan əvvəl su içmək bəzi faydalar versə də, yuxu rejiminə mənfi təsir göstərə bilər.
Gecə su içməyin faydaları
İspan həkim Julio Maset bildirir ki, yatmazdan əvvəl az miqdarda su içmək bədənin su balansını qorumağa kömək edir və susuzluq səbəbli baş ağrısı, halsızlıq və yorğunluğun qarşısını ala bilər. Həmçinin bu, gecə boyu vazopressin hormonunun səviyyəsini balanslaşdıraraq sidik ifrazını tənzimləyir.
Amma riskləri də var
Bununla belə, yatmazdan əvvəl çox su içmək, gecə tez-tez oyanmağa və tualetə qalxmağa səbəb ola bilər. Bu isə yuxu keyfiyyətini pozur və dincəlməyin qarşısını alır. Həkimlər tövsiyə edir ki, son su qəbulunuzu yatmazdan 1-2 saat əvvələ salın və gün ərzində bədənə lazım olan mayeni kifayət qədər qəbul edin.
Hamam kranından su içmək təhlükəli ola bilər
İngiltərədə yerləşən Victorian Plumbing mütəxəssisləri xəbərdarlıq edirlər ki, hamam kranından su içmək hər zaman təhlükəsiz olmaya bilər. Çünki bu kranlarda istifadə edilən boruların materialı və suyun borularda qalma müddəti suyun keyfiyyətinə mənfi təsir edə bilər.
Tövsiyə olunur ki, yalnız mətbəx kranından və ya qablaşdırılmış sudan istifadə edilsin.
Nə zaman və necə su içməliyik?
-
Gün ərzində nizamlı su qəbul edin (hər 1-2 saatdan bir bir stəkan su).
-
Axşam saatlarında su qəbulunu tədricən azaldın.
-
Yatmazdan təxminən 1 saat əvvəl son suyunuzu için.
-
Ən əsası: suyun təmiz və etibarlı mənbədən olduğuna əmin olun.
Tərcümə: Könül Oruc