Yaşından asılı olmadan tam sağlam görünən bir insan qəflətən yıxılır və huşunu itirir. Çox qısa zamanda müdaxilə olunmazsa həyatını sona vurur. Bu hadisəyə qəfləti ölüm deyilir.
Bu sözləri E-saglam.az-a açıqlamasında kardioloq, aritmoloq Emin Kərimli deyib.
Onun sözlərinə görə, qəfləti ölüm səbəbi ürəkdirsə (ən sıx rastlanan səbəb) buna qəfləti ürək ölümü (QÜÖ) deyilir: "Qəfləti Ürək Ölümü nadir hadisə deyildir. Belə ki, o bütün ölümlərin 15-20%-ni təşkil edir. Bütün yaşlarda görülsə də, 98% halda xəslərin yaşı 35-dən çox olur".
Bəs nə üçün sağlam görünən insan Qəfləti Ürək Ölümü keçirdir?
Həkimin sözlərinə görə, səbəb bu insanların sağlam görünsələr də bəzən aşkar, bəzən isə gizli ürək xəstəliklərinin olmasıdır: "Bir çoxları ürək xəstəliklərinin olmasından xəbərdar olmur və heç bir müalicə də almır. QÜÖ səbəb olacaq ürək xəstəliklərinə miokard infartı (80% halda), ürək yetməzliyi (15%), aortanın cırılması, ürək əzələsinin iltihabı, qapaq xəstəlikləri, WPW sindromu, genetik xəstəlikləri (Brugada, uzun QT sindromu, ARVD) və s. aiddir. QÜÖ-yə səbəb olan, əsasən bu xəstəliklərin nəticəsi olaraq yaranan ölümcül aritmiyalardır".
Bəs ani ürək ölümünün qarşısını almaq olar mı?
Kardioloq deyir ki, təəssüf ki, bir çoxlarının dediyimiz kimi QÜÖ keçirdənə qədər ürək xəstəliklərinin olmasından xəbərləri olmur: Onlar yalnız QÜÖ keçirdikdən sonra sağ qalarlarsa həkimə müraciət edirlər: "Bu səbəbdən hər bir vətəndaş qarşısında kimsə QÜÖ keçirərsə təcili tibbi yardım gəlmədən ilkin yardım etməyi bacarmalıdır".
Könül Oruc