Qurban bayramında kəsilən ətin düzgün saxlanmaması zəhərlənmə, mədə narahatlığı və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər.
E-saglam.az xəbər verir ki, xüsusilə isti havalarda gigiyena və saxlama qaydalarına ciddi əməl olunmalıdır. Mütəxəssislər ətin təzə və sağlam saxlanması üçün vacib məqamları açıqlayıb.
Əti dərhal soyuducuya qoymayın
Yeni kəsilmiş ətin istiliyi yüksək olur. Onu birbaşa soyuducuya qoymaq, ətin tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər tövsiyə edir ki, ət əvvəlcə otaq temperaturunda 5-6 saat dincəlsin. Bu zaman ərzində ətin qanı çıxır və temperaturu normallaşır. Daha sonra hissələrə bölünərək soyuducuya yerləşdirilməlidir.
Kiçik parçalara bölün
Böyük ət parçaları içəridən gec soyuyur və bu da bakteriyaların yaranmasına səbəb ola bilər. Ona görə də ət kiçik hissələrə bölünüb saxlanmalıdır. Çiy ət soyuducuda ən çox 3 gün qalmalıdır. Daha uzun saxlama üçün isə dərin dondurucuya yerləşdirilməlidir.
Dondurucuda nə qədər saxlamaq olar?
Ət -18°C temperaturda 6 ay – 1 il arasında təhlükəsiz saxlanıla bilər. Ancaq qablaşdırma vacibdir. Ət hava keçirməyən şəraitdə – vakuum və ya soyuducu torbalarda saxlanmalı, hava çıxarılmalıdır. Hər qablaşdırmaya tarix yazmaq da faydalıdır.
Bişmiş ət necə saxlanmalıdır?
Bişmiş ət, məsələn, qovurma, otaq temperaturunda 2 saatdan çox saxlanmamalıdır. Daha sonra soyuducuya qoyulmalı və 2-3 gün ərzində istehlak edilməlidir. Uzunmüddətli saxlama üçün dondurucuya yerləşdirilməlidir.
Əti yumaq düzgün deyil
Mütəxəssislər çiy ətin yuyulmamasını tövsiyə edir. Yuyulma zamanı bakteriyalar mətbəx səthlərinə yayıla bilər. Əti təmiz şəraitdə, yuyulmadan saxlamaq daha sağlamdır.
Qida zəhərlənməsinə diqqət!
Yanlış saxlama şəraiti ətin üzərində bakteriyaların artmasına səbəb olur. Bu da ürəkbulanma, ishal, qusma kimi əlamətlərlə özünü göstərə bilər. Ətin xarab olub-olmadığını qoxusundan, rəngindən və teksturasından müəyyən etmək mümkündür.
Könül Oruc