
Ümumi cərrahiyyə üzrə mütəxəssis, dosent doktor Veysel Ersan xəbərdarlıq edir ki, qarının yuxarı sağ hissəsində hiss edilən ağrılar ciddi qəbul edilməlidir.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, davamlı həzmsizlik, şişkinlik və sarılıq kimi simptomlar qaraciyər və ya öd kisəsi xəstəliklərinin ilk əlamətləri ola bilər.
Ersan qeyd edir ki, "Mədə problemim var", "qazım var", "öd kisəsində daş var, amma idarə edirəm", - kimi yanaşmalarla bu əlamətləri görməzlikdən gəlmək gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Qaraciyər piylənməsi, öd daşı, öd yollarının tıxanması və hətta qaraciyər şişləri ilkin mərhələdə çox vaxt yüngül şikayətlərlə başlayır. Lakin xəstələr bu əlamətləri keçici sayaraq müayinəni gecikdirirlər.
Dos. Ersan vurğulayıb ki, vaxtında aşkarlanan öd daşı sadə bir əməliyyatla aradan qaldırıla bilər. Ancaq gec diaqnoz pankreatit və qaraciyər çatışmazlığı kimi ağır nəticələrə səbəb ola bilər.
Qaraciyər bədənin ən sakit və eyni zamanda ən davamlı orqanıdır. Uzun müddət heç bir simptom vermədən fəaliyyətini davam etdirə bilər. Amma bir nöqtədən sonra yaranan zərər geri dönməz olur. Piylənmə, hepatit və şiş kimi xəstəliklərin erkən diaqnostikası bu baxımdan həyati əhəmiyyət daşıyır. Hətta sadə bir qan analizi belə həyat xilas edə bilər.
Dosent doktor Ersan əlavə edib: “Qarının yuxarı sağ tərəfində ağrılar, yeməkdən sonra ürək bulanması, xroniki həzmsizlik, ani arıqlama və sarılıq kimi simptomları olan şəxslər mütləq həkimə müraciət etməlidir. Bir çox insan illərlə bu əlamətlərlə yaşamağa öyrəşir, lakin sadə bir ultrasəs və ya qan testi ilə çox ciddi problemləri erkən mərhələdə aşkar etmək mümkündür. Erkən diaqnoz müalicənin uğur şansını xeyli artırır. Qaraciyər və öd kisəsi xəstəlikləri erkən aşkarlanarsa, effektiv şəkildə müalicə edilə bilər. Gecikmə isə həyati təhlükə yarada bilər. Odur ki, müayinələrinizi təxirə salmayın”.
Tərcümə: Könül Oruc