Yay mövsümündə pikniklər və açıq havada yeməklər artsa da, qidaların düzgün saxlanmaması qida zəhərlənməsi riskini yüksəldə bilər.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Yevgeni Belousov piknik zamanı təhlükəsiz qidalanmaq üçün diqqət edilməli məqamları açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, açıq havada qidaların təhlükəsiz şəraitdə saxlanılması çətindir. Temperaturun sabit olmaması, əllərin yuyulması üçün imkanın məhdudluğu, eləcə də çiy və bişmiş qidalar üçün ayrı səthlərin istifadə edilməməsi infeksiya riskini artırır. Ən çox rast gəlinən səhvlərdən biri isə kabab üçün marinad edilmiş əti əvvəlcədən hazırlayıb uzun müddət soyuducudan kənarda saxlamaqdır.
Həkim xüsusilə ətin tam bişirilməsinin vacibliyini vurğulayır. Çiy və ya yarımbişmiş ətdə Salmonella, Campylobacter və Escherichia coli (E. coli) kimi təhlükəli bakteriyalar ola bilər. Bu mikroorqanizmlər mədə-bağırsaq sistemində ciddi infeksiyalara və qida zəhərlənməsinə səbəb ola bilər.
Belousovun sözlərinə görə, meyvə, tərəvəz və giləmeyvələrin yuyulmaması da ciddi risk yaradır. Onların səthində torpaq qalıqları, bakteriyalar, parazit yumurtaları və müxtəlif kimyəvi maddələr qala bilər. Məhsulun təmiz görünməsi onun təhlükəsiz olduğu anlamına gəlmir.
Mütəxəssis bildirir ki, xüsusilə istilik emalından keçmədən istehlak olunan göyərti, salat yarpaqları, giləmeyvə və digər tərəvəzlər axar su altında diqqətlə yuyulmalıdır. Sadəcə qısa müddət suya tutmaq kifayət etmir – görünməyən çirklərin təmizlənməsi üçün məhsullar axar su altında yaxşıca yuyulmalıdır.
Həkim piknik zamanı qidaları mümkün qədər soyuq şəraitdə saxlamağı, çiy və bişmiş məhsulları bir-birindən ayırmağı, əti tam bişirməyi və bütün meyvə-tərəvəzləri istifadə etməzdən əvvəl diqqətlə yumağı tövsiyə edir. Bu sadə qaydalara əməl etmək qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Tərcümə: Könül Oruc