Tibbi xəbərlər
Axşam tez yatmağın beyin üçün
Tibbi xəbərlər
228

Axşam tez yatmağın beyin üçün 4 mühüm faydası

Elmi araşdırmalar göstərir ki, yuxu təkcə fiziki istirahət deyil, eyni zamanda beynin sağlam qalması üçün həyati əhəmiyyət daşıyan bir prosesdir.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gec yatmaq qısa müddətdə yorğunluq və diqqət dağınıqlığı yaratsa da, uzunmüddətli perspektivdə yaddaş zəifləməsi və neyroloji problemlərin riskini artırır. Nevrologiya mütəxəssisi professor Derya Uludüz erkən yatmağın beyin sağlamlığına təsirlərini açıqlayıb.

Yuxu zamanı beynin özünütəmizləmə mexanizmi olan qlimfatik sistem aktivləşir. Bu sistem gün ərzində yığılan toksinləri və tullantı maddələri xaric edir. Gec yatmaq dərin yuxu mərhələsini qısaldır və beynin tam təmizlənməsinə mane olur. Nəticədə zərərli zülallar beyində toplanır ki, bu da zamanla unutqanlıq, diqqət pozğunluğu və Alzheimer riskinin artması ilə əlaqələndirilir.

Erkən və keyfiyyətli yuxu yaddaşın möhkəmlənməsində də mühüm rol oynayır. Yuxu zamanı beyin gün ərzində öyrənilən məlumatları sistemləşdirir və uzunmüddətli yaddaşa ötürür. Gec yatıb az yatan insanlarda isə yaddaş zəifləyir, diqqət azalır və qərarvermə qabiliyyəti pisləşir. Buna görə də gecə boyu oyaq qalaraq oxumağın faydalı olduğu düşüncəsi elmi baxımdan doğru sayılmır.

Erkən yatmaq melatonin hormonunun normal ifrazını da təmin edir. Bu hormon axşam saatlarında, xüsusilə 21–22 radələrində ifraz olunmağa başlayır. Gec saatlara qədər ekran işığına məruz qalmaq melatonin səviyyəsini azaldır. Melatonin yuxuya getməni asanlaşdırmaqla yanaşı, beynin qocalmasını ləngidir, antioksidant təsir göstərir və beyin hüceyrələrini stressdən qoruyur.

Gec yatmaq eyni zamanda stress hormonu olan kortizolun səviyyəsini yüksəldir. Kortizolun uzun müddət yüksək qalması ürək-damar sağlamlığına, immun sisteminə və beynin yaddaş mərkəzi olan hipokampusa mənfi təsir göstərir. Erkən yatmaq isə kortizol səviyyəsini tarazlayaraq beyni iltihabdan və vaxtından əvvəl qocalmadan qoruyur.

Mütəxəssislər gec yatma vərdişindən uzaqlaşmaq üçün sadə addımlar atmağı tövsiyə edirlər. Hər gün eyni saatda yatmaq, yatmazdan əvvəl ekranlardan uzaq durmaq, qaranlıq və sakit mühit yaratmaq və 7–8 saat keyfiyyətli yuxu almaq beyin sağlamlığını uzun illər qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun