Faydalı
Hər gün kitab oxumağın sağlamlığa
Faydalı
325

Hər gün kitab oxumağın sağlamlığa 6 mühüm faydası

Kitab oxumaq təkcə asudə vaxtı dəyərləndirmək deyil, həm də sağlam həyat tərzinin vacib hissəsidir. Elmi araşdırmalar göstərir ki, gündəlik oxu vərdişi həm beyin fəaliyyətinə, həm də ümumi psixoloji vəziyyətə müsbət təsir edir.

E-saglam.az xəbər verir ki, "Verywellhealth" platformasının elmi mənbələrə əsaslanan araşdırması kitab oxumağın insan sağlamlığı üçün bir sıra əhəmiyyətli üstünlüklərini ortaya qoyur.

Araşdırmalara görə, müntəzəm kitab oxuyan insanlar daha uzunömürlü olurlar. ABŞ-də Yale Universitetinin apardığı tədqiqat göstərib ki, xüsusilə bədii ədəbiyyat oxumaq təxəyyülü aktiv saxlayır, beynin işləkliyini artırır və bu da ömür müddətinə müsbət təsir edir. Zehni aktivlik yaşlanma prosesini ləngidən əsas amillərdən biri hesab olunur.

Kitab oxumaq yaş artdıqca idrak qabiliyyətinin zəifləməsinin qarşısını almağa kömək edir. Mütəxəssislər bildirirlər ki, müntəzəm oxu vərdişi olan insanlarda yaddaş itkisi və düşünmə sürətinin azalması daha gec baş verir. Beyin daim informasiya ilə işlədikdə, idrak funksiyaları daha uzun müddət qorunur.

Oxu həm də stressin azalmasına mühüm töhfə verir. Gündəlik problemlərdən uzaqlaşmaq, diqqəti başqa aləmə yönəltmək psixoloji rahatlıq yaradır. Kitab oxumaq insanın emosional vəziyyətini tarazlayır, nikbinliyi artırır və daxili gərginliyi azaldır. Bu da ümumi ruh halına müsbət təsir göstərir.

Mütəxəssislər oxumağı beyin üçün məşqə bənzədirlər. Daim oxuyan insanların söz ehtiyatı genişlənir, analitik düşünmə və öyrənmə qabiliyyəti güclənir. Xüsusilə uşaqlıq dövründə oxu vərdişinin formalaşması gələcəkdə zəkanın daha sağlam inkişafına şərait yaradır.

Bundan əlavə, kitab oxumaq sosial bacarıqları və empati hissini artırır. Oxuyan insanlar başqalarının hiss və düşüncələrini daha yaxşı anlayır, öz fikirlərini daha aydın ifadə edirlər.

Axşam saatlarında kitab oxumaq isə yuxuya keçidi asanlaşdırır, yuxu keyfiyyətini yüksəldir və daha rahat istirahət etməyə kömək edir.

Könül Oruc

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun