Ürək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemləri sırasında yer alır. Mütəxəssislər bildirirlər ki, müntəzəm fiziki aktivlik və balanslı qidalanma ilə yanaşı, gündəlik mətbəxdə edilən kiçik seçimlər də ürək sağlamlığında mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, bu seçimlər arasında diqqət çəkən təbii vasitələrdən biri də keşnişdir.
Yüksək qan təzyiqi, LDL xolesterolun artması və xroniki iltihab ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə yüksəldir. Qidalanma üzrə mütəxəssislər bu risk faktorlarının yalnız dərmanlarla deyil, düzgün qida vərdişləri ilə də nəzarətdə saxlanıla biləcəyini vurğulayırlar.
Mütəxəssislərin fikrincə, keşniş ürək sağlamlığı üçün ən faydalı ədviyyatlardan biridir. Bu bitkinin tərkibindəki təbii birləşmələr damar sisteminə qoruyucu təsir göstərir və ürək yükünü azaltmağa kömək edir.
Keşniş fitosterollarla zəngindir. Bu maddələr bağırsaqlarda xolesterolun sorulmasını azaldaraq LDL xolesterol səviyyəsinin aşağı düşməsinə dəstək verir. Mütəxəssislər qeyd edirlər ki, keşniş təkbaşına müalicə vasitəsi olmasa da, müntəzəm istifadə edildikdə ürək sağlamlığının qorunmasına töhfə verə bilər.
Bitkinin tərkibində olan lüteolin, zeaksantin və kversetin kimi maddələr damarların rahatlamasına kömək edir. Bu proses qan axınını yaxşılaşdırır və qan təzyiqinin tarazlanmasına müsbət təsir göstərir. Xüsusilə hipertoniya riski olan şəxslər üçün bu təsir əhəmiyyətli hesab olunur.
Keşniş həmçinin güclü antioksidant xüsusiyyətlərə malikdir. Antioksidantlar damar divarlarını zədələyən oksidləşdirici stressi azaltmağa kömək edir və iltihabın qarşısını almaqda rol oynayır. Bu da uzunmüddətli ürək sağlamlığının qorunmasına xidmət edir.
Mütəxəssislər keşnişin yeməklərə verdiyi güclü dad və ətir sayəsində duz və yağ istifadəsinin azaldıla biləcəyini də bildirirlər. Duz və doymuş yağın az qəbulu isə birbaşa ürək-damar risklərinin azalmasına kömək edir.
Keşnişin dadını sevməyənlər üçün alternativ olaraq cəfəri və reyhan da tövsiyə olunur. Bu otlar da antioksidant tərkibi ilə iltihabı azaltmağa və damar sağlamlığını dəstəkləməyə yardımçı ola bilər.
Tərcümə: Könül Oruc