Nəsillər boyu istifadə edilən ilıq süd yuxuya getməyi asanlaşdıran təbii vasitələrdən biri kimi tanınır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, südə çox az miqdarda muskat qozu əlavə edildikdə bu təsir daha da güclənə bilər. Elmi araşdırmalar göstərir ki, bu ənənəvi qarışıq stressi azaltmağa və yuxu prosesini dəstəkləməyə kömək edir.
Qış aylarında artan gərginlik, narahatlıq və yuxusuzluq problemi yaşayanlar üçün bu üsul təbii alternativ kimi diqqət çəkir. Qidalanma mütəxəssislərinin sözlərinə görə, ilıq südə bıçağın ucu qədər üyüdülmüş muskat qozu əlavə edildikdə, onun tərkibindəki aktiv maddələr sinir sisteminə sakitləşdirici təsir göstərə bilər. Bu təsir yalnız zehni rahatlama ilə məhdudlaşmır, eyni zamanda həzm və qan dövranına da müsbət təsir edə bilər.
Muskat qozunun əsas təsir gücü tərkibində olan miristisin maddəsi ilə əlaqələndirilir. Araşdırmalar bu maddənin yüngül sakitləşdirici və rahatladıcı təsir göstərdiyini ortaya qoyur. İlıq süd ilə birlikdə qəbul edildikdə isə beyində serotonin ifrazını stimullaşdıraraq narahatlıq hissinin azalmasına və yuxuya keçidin asanlaşmasına kömək edə bilər.
Mütəxəssislər muskat qozunun faydalarının yuxu ilə bitmədiyini də qeyd edirlər. Antioksidant xüsusiyyətləri sayəsində orqanizmi oksidləşdirici stressdən qoruya, kalium tərkibi ilə qan təzyiqinin tənzimlənməsinə və ümumi qan dövranının yaxşılaşmasına dəstək ola bilər. Eyni zamanda həzm sistemini sakitləşdirərək şişkinlik və mədə narahatlığını azaltmağa kömək etdiyi bildirilir.
Bununla belə, muskat qozunun çox güclü ədviyyat olduğu xüsusi vurğulanır. Həddindən artıq miqdarda istifadəsi zəhərli təsirlərə səbəb ola bilər. Tövsiyə olunan miqdar bir stəkan ilıq südə yalnız bir çimdik muskat qozu əlavə etməkdir. Gün ərzində yüksək dozada və ya dəfələrlə qəbul edilməsi sağlamlıq üçün risk yarada bilər.
Hamilə qadınlara, qaraciyər xəstəliyi olanlara, uşaqlara, sinir sistemi ilə bağlı problemləri olan şəxslərə və süd və ya muskat qozuna allergiyası olanlara bu qarışıqdan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Mütəxəssislər xatırladırlar ki, təbii olsa belə, hər vasitə hər kəs üçün uyğun olmaya bilər.
Tərcümə: Könül Oruc