Son illərdə ətraf mühitə zərərsiz hesab edildiyi üçün sürətlə yayılan şüşə pipetlər estetik görünüşlərinin arxasında ciddi sağlamlıq riskləri daşıya bilər. Mütəxəssisləri və sosial medianı narahat edən hadisələr bu məhsulların düşünüldüyü qədər təhlükəsiz olmadığını göstərir.
E-saglam.az xəbər verir ki, plastik istifadəsini azaltmaq məqsədi ilə gündəlik həyata daxil olan şüşə pipetlər xüsusilə kafe və restoranlarda geniş yayılıb. Dəbli dizaynları və “davamlı” imici sayəsində qısa müddətdə populyarlaşan bu məhsullar bir çox insan tərəfindən zərərsiz alternativ kimi qəbul edilir. Lakin son hadisələr onların risklərini yenidən gündəmə gətirib.
Sosial mediada böyük səs-küyə səbəb olan hadisələrdən birində TikTok istifadəçisi Breezie O’Brien içkisini şüşə pipetlə içərkən bilmədən şüşə parçası udub. Hadisədən təxminən iki saat sonra ağızdan qanaxma şikayəti ilə təcili tibbi yardıma aparılan şəxsin müayinələri zamanı şüşə parçasının qida borusunu keçərək mədəyə çatdığı və həyati risk yarada biləcəyi müəyyən edilib.
Mütəxəssislərin fikrincə, şüşə pipetlər xüsusilə isti və soyuq içkilər arasında qəfil keçid zamanı təhlükə yaradır. Temperatur fərqi nəticəsində pipetin üzərində mikroskopik çatlar əmələ gələ bilər. Bu çatlar gözlə görünmədiyi üçün istifadə davam edir və qəfil qırılma riski artır.
Qırılan şüşə parçaları dodaqlarda, dildə və boğazda kəsiklərə, bəzi hallarda isə daxili qanaxmaya qədər gedib çıxan ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə mütəxəssislər şüşə pipetlərdən istifadə zamanı diqqətli olmağı, silikon, paslanmayan polad və ya birdəfəlik kağız pipetlərin daha təhlükəsiz alternativ kimi nəzərdən keçirilməsini tövsiyə edirlər.
Ekoloji baxımdan təmiz və zərərsiz görünən şüşə pipetlər ehtiyatsız istifadə edildikdə ciddi sağlamlıq riskinə çevrilə bilər. Bu səbəbdən estetik görünüşdən daha çox təhlükəsizliyin ön planda tutulması vacib hesab olunur.
Tərcümə: Könül Oruc