Sümük sağlamlığı həyat keyfiyyətinə birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, sümük itkisi adətən 35 yaşdan sonra sürətlənir, lakin düzgün qidalanma və aktiv həyat tərzi ilə bu prosesi əhəmiyyətli dərəcədə yavaşlatmaq mümkündür.
E-saglam.az xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk qeyd edir ki, insan orqanizmi gənclik dövründə istifadə etdiyindən daha çox mineral toplayır. Lakin 35 yaşdan sonra bu balans dəyişir və sümük mineral sıxlığı səssiz şəkildə azalmağa başlayır. Bu proses vaxtında qarşısı alınmadıqda osteoporoz riskini artırır.
Sümük itkisi niyə baş verir
Ömür uzunluğunun artması ilə osteoporoz həm qadınlar, həm də kişilər üçün ciddi sağlamlıq probleminə çevrilib. Genetik meyl mühüm rol oynasa da, qidalanma və həyat tərzi əsas həlledici amillərdir. Menopoz dövründə qadınlarda estrogenin azalması, yaşlı kişilərdə testosteron səviyyəsinin enməsi sümük itkisini sürətləndirir. Kalsium və D vitamini çatışmazlığı, siqaret, alkoqol, hərəkətsizlik və bəzi dərmanlar riski daha da artırır.
Osteoporozun təhlükələri
Ümumdünya Səhiyyə Təşkilatına görə, osteoporoz sümük toxumasının mikrostrukturunun pozulması və sınıq riskinin artması ilə xarakterizə olunur. Bu xəstəlik onurğa, bud-çanaq, bilək və qabırğa sınıqlarına, bel ağrılarına, boyun qısalmasına və duruş pozğunluqlarına səbəb ola bilər. Statistikaya görə, qadınların təxminən üçdə biri, 35 yaşdan yuxarı kişilərin isə dörddə biri həyatlarının bir dövründə sümük zəifliyi ilə qarşılaşır.
Bunlardan uzaq durun
Mütəxəssislər emal olunmuş qidaların, həddindən artıq heyvan mənşəli məhsulların, şəkərli və qazlı içkilərin sümük sağlamlığına mənfi təsir etdiyini bildirirlər. Çox duzlu qidalar sidiklə kalsium itkisini artırır. Siqaret və alkoqol sümük kütləsini zəiflədir, yüksək kofein qəbulu isə kalsiumun mənimsənilməsini azaldır.
Sümüklər üçün vacib vitamin və minerallar
D vitamini kalsiumun sorulması üçün əsasdır və günəş şüaları ilə sintez olunur. Kalsium sümüklərin əsas qurucu maddəsidir. C vitamini kollagen sintezini dəstəkləyir və sümük itkisini yavaşladır. K2 vitamini kalsiumun damar divarlarında yığılmasının qarşısını alaraq onu sümüklərə yönəldir. Maqnezium və sink sümük bərpasında və möhkəmlənməsində mühüm rol oynayır, bor isə D vitamininin təsir müddətini uzadır.
Əlavələr və fiziki aktivlik
Mütəxəssislər vurğulayırlar ki, vitamin və mineral əlavələri yalnız ehtiyac olduqda və həkim məsləhəti ilə qəbul edilməlidir. Xüsusilə qış aylarında D vitamini əlavəsi tövsiyə oluna bilər. Bundan əlavə, müntəzəm gəzinti, yüngül qaçış, pilləkənlə qalxma və güc məşqləri sümük sıxlığını qorumaq üçün vacibdir.
Sonda mütəxəssislər xatırladır: sümük sağlamlığını qorumaq üçün düzgün qidalanma, aktiv həyat tərzi və zərərli vərdişlərdən uzaq durmaq əsas şərtlərdir.
Tərcümə: Könül Oruc