İlin sonu ənənəvi olaraq şirniyyatların artdığı bir dövrdür. Bəs şirin bir qəlyanaltı yedikdən sonra ilk dəqiqə və saatlarda dişlərdə nə baş verir? Ağız bakteriyalarını araşdıran mikrobioloqlar kariyesin necə yarandığını izah ediblər.
E-saglam.az xəbər verir ki, şəkər ağıza daxil olduqdan sonra diş səthində yaşayan bakteriyalar onu enerji və çoxalma mənbəyi kimi istifadə etməyə başlayır. Şirniyyat qəbulundan cəmi bir-iki dəqiqə sonra ağız boşluğunun turşuluğu yüksəlir və bu, diş minasını — dişin sərt qoruyucu qatını zədələyə biləcək səviyyəyə çatır. Dişləri əsas zədələyən məhz bu turşulardır, şəkərin özü yox.
Normal halda orqanizm tarazlığı tez bərpa etməyə çalışır: tüpürcək şəkərin bir hissəsini yuyur, turşunu neytrallaşdırır və «faydalı» bakteriyalar kariyes yaradan mikrobların tam üstünlük qazanmasının qarşısını alır. Lakin şirniyyatlar gün ərzində çox tez-tez qəbul olunarsa, bu müdafiə mexanizmləri artıq kifayət etmir.
Təhlükə ondadır ki, kariyesə səbəb olan bakteriyalar şəkərdən həm də dişin səthinə yapışan, çıxarılması çətin olan biofilm — yəni lövhə yaratmaq üçün istifadə edirlər. Bu lövhə bakteriyalar üçün sanki qoruyucu bir «qala» rolunu oynayır. Bu mühitdə bakteriyalar turşu istehsal etməyə davam edir və diş minası tədricən zədələnir. Nəticədə gözlə görülən boşluq və ya ağrı yaranana qədər proses səssizcə irəliləyir.
Riskləri azaltmaq üçün mütəxəssislər şirniyyatları yeməklə birlikdə, yəni tüpürcəyin daha bol ifraz olunduğu vaxtlarda qəbul etməyi tövsiyə edirlər. Gün ərzində tez-tez şirniyyatla qəlyanaltı etmək məsləhət deyil, çünki bu, ağızda uzun müddət turşuluğun yüksək qalmasına səbəb olur. Əlbəttə ki, müntəzəm ağız gigiyenası əsas qoruyucu üsuldur — yeməkdən sonra dişləri fırçalamaq lövhəni zərər verməmişdən əvvəl təmizləməyə kömək edir.
Tərcümə: Könül Oruc