Soyuq temperatur nişastanın quruluşunu dəyişdirə, aromanı zəiflədə, teksturanı yumşalda və ya kiflənməyə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, müəyyən qidaların soyuducuda saxlanılması onların keyfiyyətini aşağı salır və istifadə müddətini qısaldır.
Soyuducuya qoyulmamalı, otaq temperaturunda daha sağlam şəkildə saxlanmalı qidalar bunlardır:
Pomidor – Soyuq mühit teksturasını pozur, un kimi edir və dadını azaldır. Otaq temperaturu daha uyğundur.
Kartof – Soyuducuda nişasta şəkərə çevrilir, dadı dəyişir və bişirildikdə qaralma olur. Sərin və qaranlıq yerdə saxlanmalıdır.
Soğan və sarımsaq – Nəm olduqda tez kiflənirlər. Quru və sərin məkanda saxlanılmalıdır.
Çörək – Soyuducuda daha tez bayatlayır. Otaq temperaturunda saxlanmalı, uzun müddət qalması üçün dondurucuya qoyula bilər.
Banan – Soyuq qabığını qaraldır və yetişməni dayandırır. Otaq temperaturu tövsiyə olunur.
Bal – Soyuducuda kristallaşır və qatılığını itirir. Qapalı dolabda saxlamaq kifayətdir.
Zeytun yağı – Soyuqda donur və dənəvər görünüş alır. Sərin, qaranlıq yer uyğundur.
Şokolad – Soyuducuda ağ ləkələr (yağ və şəkər çıxması) əmələ gətirir, dad və teksturanı korlayır.
Qəhvə (dənə və ya üyüdülmüş) – Soyuducunun qoxularını çəkir və aroması azalır. Hava keçirməyən qabda otaq temperaturunda saxlanmalıdır.
Avokado (yetişməmiş) – Soyuq yetişməni dayandırır. Yalnız yetişdikdən sonra qısa müddət soyuducuda qala bilər.
Xiyar – Soyuq “soyuq yanığı” yaradır, içi yumşalır və tez xarab olur. Otaq temperaturu daha münasibdir.
Pomidor sousu və açılmamış konservlər – Açılmamış konservləri soyuducuya qoymaq olmaz. Açıldıqdan sonra soyuducuda saxlanıla bilər.
Bu məhsulların doğru şəraitdə saxlanması həm onların rəf ömrünü uzadır, həm də qida dəyərini qoruyaraq daha sağlam qidalanmanı təmin edir.
Tərcümə: Könül Oruc
E-saglam.az