Diyetoloqlar yuxu problemləri yaşayanlar üçün vacib qida tövsiyələri açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssis Elena Syuraşkinanın sözlərinə görə, bədənin rahat yuxuya keçməsi üçün pəhrizdə triptofanla zəngin qidaların olması önəmlidir. Triptofan serotonin və melatoninin sintezində iştirak edən əsas amin turşusudur və daha yaxşı yuxunu dəstəkləyir.
Hinduşka, toyuq əti və yarpaqlı göyərtilər triptofanın ən yaxşı mənbələri hesab olunur. Həkim bildirir ki, yatmazdan əvvəl yüngül heyvan mənşəli qidalar daha uyğun seçimdir, çünki mədə-bağırsaq sistemini yormadan orqanizmin rahatlamasına kömək edir.
Syuraşkina bəzi qidaların isə əks təsir göstərdiyini vurğulayıb. Üzüm, şəkərli məhsullar və bişmiş məmulatlar bağırsaqlarda fermentasiyanı artırdığı üçün yuxuya mane ola bilər. Sitrus meyvələri də yatmazdan əvvəl uyğun deyil, çünki turşuluq mədəni qıcıqlandıraraq narahatlıq yarada bilir.
Mütəxəssislər yatmazdan bir neçə saat əvvəl ağır yeməklərdən uzaq durmağı, yüngül və mədəni rahatlaşdıran menyu seçməyi tövsiyə edir. Bu qaydalara əməl edildikdə yuxu keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığı bildirilir.
Tərcümə: Könül Oruc