Güvələr, xüsusilə isti aylarda, evlərdə paltar və tekstil məhsullarına ciddi zərər vuran zərərvericilərdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu həşəratlar əsasən yun, pambıq və ipək kimi təbii parçalarda çoxalır və onların liflərini yeyərək geyimlərin keyfiyyətini korlayır.
E-saglam.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, güvələrin qarşısını almaq üçün ilk addım təmizlik və düzgün saxlanma şəraitidir:
“Paltarları dolaba yerləşdirməzdən əvvəl onları mütləq yuyun və tam qurudun. Çirkli və ya tərli paltar güvələri cəlb edir,” – deyə bildirilib.
Ekspert güvəyə qarşı təbii qoruyucuların daha təhlükəsiz olduğunu qeyd edib:
- Dolabın içinə lavanda qurusu, sidr ağacı parçaları, limon qabığı və ya qərənfil qoymaq güvələri uzaqlaşdırır.
- Sirkə və efir yağları ilə dolabların içini silmək də təsirlidir.
- Paltarlar uzun müddət geyinilməyəcəksə, onları hava keçirməyən torbalarda saxlamaq məsləhətdir.
Güvələrdən qorunmaq üçün müntəzəm havalandırma və günəş işığı da vacibdir:
“Geyimləri bəzən açıb havalandırmaq, dolabları təmiz saxlamaq və nəmli mühitdən uzaq tutmaq ən sadə, amma ən təsirli tədbirlərdəndir”.
Qeyd edək ki, güvə zərəri aşkar edildikdə, zədələnmiş paltarları digər geyimlərdən ayırmaq və dolabı tam təmizləmək lazımdır.
Nəzrin Abbas