Yeni elmi araşdırma göstərib ki, yuxunun keyfiyyəti beynin yaşlanmasına birbaşa təsir edir.
E-saglam.az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun alimləri 27 mindən çox yetkin şəxsin yuxu vərdişlərini və beyin MRT nəticələrini təhlil ediblər. Nəticədə məlum olub ki, keyfiyyətsiz yuxu alan insanların beyinləri onların faktiki yaşına nisbətən orta hesabla bir il daha yaşlı görünür.
Fərdi yuxu faktorları araşdırıldıqda, gecə oyaq qalmaq, eləcə də həddindən artıq az və ya çox yatmaq beynin qocalmasını ən çox sürətləndirən səbəblər kimi müəyyən olunub.
Araşdırmanın müəllifi Dr. Abigeil Dov bildirib:
“Beyin yaşındakı bu fərq kiçik görünsə də, zamanla yığılıb demans və idrak pozğunluğu riskini artıra bilər.”
Mütəxəssislər vurğulayıb ki, yuxu pozğunluqları bədəndə iltihab səviyyəsini artırır, həmçinin beynin yuxu zamanı fəaliyyət göstərən “təmizlənmə sistemi” lazımi qədər yatılmadıqda öz funksiyasını yerinə yetirə bilmir.
Tərcümə: Nəzrin Abbas