Yuxu zamanı qaranlıq mühit yalnız yaxşı istirahət etməyə kömək etmir, həm də ciddi sağlamlıq problemlərinin yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.
E-saglam.az xəbər verir, alimlər, xüsusilə yaşlı insanların sağlamlığına gecə lampaları, televizor və ya elektron cihazların işığının necə təsir etdiyini araşdırıblar.
İllinoys ştatının Çikaqo şəhərində yerləşən Şimal-Qərb Universitetinin Feinberg Tibb Məktəbinin alimləri tərəfindən aparılan və Sleep elmi jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, yataq otağında işıq mənbəyi olan yaşlı kişilər və qadınlar arasında piylənmə, yüksək qan təzyiqi və diabet halları daha çox müşahidə edilib.
Araşdırmanın müəllifi, nevrologiya üzrə dosent Dr. Minji Kim bildirib:
“Hətta gecə az miqdarda işıq belə zərərli ola bilər. Zamanla bu, maddələr mübadiləsi və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur”.
Tədqiqat çərçivəsində alimlər 63–84 yaş arası 550-dən çox iştirakçını müşahidə ediblər. Onlar bir həftə ərzində yatdıqları otaqlarda işığın miqdarını ölçən cihazlar taxıblar. Nəticədə məlum olub ki, iştirakçıların yarısından azı tam qaranlıq şəraitdə beş saatdan çox yatıb. Digərləri isə gecənin ən qaranlıq vaxtlarında belə müəyyən dərəcədə işığa məruz qalıb.
Alimlər hələ də dəqiq bilmir ki, bu vəziyyətə xəstəliklər insanları işıq altında yatmağa məcbur edir, yoxsa işıq bu xəstəliklərin yaranmasına şərait yaradır.
Merilend Universitetinin Tibb Məktəbinin yuxu tədqiqatları bölməsinin rəhbəri, professor Emerson Vikvayer qeyd edib ki, bu tədqiqat nəticələri insan orqanizminin daxili bioloji ritmlərinin (sirkadiyal saatların) və keyfiyyətli yuxunun sağlamlıq üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir:
“Gecə işığa məruz qalmaq, dünyada ən çox rast gəlinən və bahalı xroniki xəstəliklər — piylənmə, diabet və hipertoniyanın riskini artırır.”
Alimlərin tövsiyələri: Yuxu zamanı işığı minimuma endirin.
Yuxu zamanı işığı söndürün. Əgər təhlükəsizlik üçün işıq lazımdırsa, aşağıda və zəif işıqlı bir gecə lampası istifadə edin.
İşığın rəngi də vacibdir: sarı, qırmızı və ya narıncı işıq beyni daha az stimullaşdırır. Ağ və ya mavi işıqdan uzaq durun.
Xarici işığı idarə edə bilmirsinizsə, qalın pərdələr istifadə edin və ya yuxu maskası taxın.
Yatağı elə yerləşdirin ki, səhər günəşi birbaşa üzünüzə düşməsin.