Həkimlər Hana Patel və Hannah Schor sağlam yuxu və gündüz yorğunluğunun qarşısını almaq üçün dörd sadə qayda tövsiyə ediblər.
E-saglam.az xəbər verir ki, onların məsləhətləri "HuffPost" tərəfindən dərc olunub.
Mütəxəssislərin ilk tövsiyəsi yuxu keyfiyyətinə həddindən artıq nəzarətdən uzaq durmaqdır. Patel izah edib ki, qadcetlərlə “ideal yuxunu” ölçmək və buna obsesif yanaşmaq narahatlığı artırır. Bu isə, əksinə, yuxusuzluğa gətirib çıxarır.
Həkimlər gündüz yuxusunun da ehtiyatla yanaşılmalı olduğunu bildiriblər. Qısa yuxu faydalı ola bilər, lakin bu, vərdişə çevrilməməlidir. Psixi və fiziki sağlamlıq üçün stabil gündəlik rejim daha vacibdir.
Schor isə səhərlər, xüsusilə də iş həftəsinin əvvəlində və sonunda özünüzü necə hiss etdiyinizə diqqət etməyi məsləhət görüb. Əgər bazar günü yatmaqda, bazar ertəsi oyanmaqda çətinlik yaşanırsa, bu, yuxu rejiminin tənzimlənməsinə ehtiyac olduğunu göstərir.
Mütəxəssislər vurğulayıblar ki, yalnız iş günlərində deyil, həftə sonları da eyni rejimə riayət etmək vacibdir. Bu, orqanizmdə enerji verən hormonların balanslı istehsalını təmin edir və gün ərzində gümrah qalmağa kömək edir.