Sağlamlıq
Uşaqlarda burun qanaması nə vaxt
Sağlamlıq
17

Uşaqlarda burun qanaması nə vaxt təhlükəlidir?

DocDeti klinikasının pediatrı Ani Korobova uşaqlarda burun qanamasının səbəblərini, valideynlərin nə etməli olduğunu və hansı hallarda təcili yardım çağırmağın vacib olduğunu izah edib.

E-saglam.az xəbər verir ki, burun qanamaları uşaqlarda kifayət qədər geniş yayılıb. Burun keçidlərində çoxlu sayda damarlar var və onlar səthə yaxın yerləşir. Xüsusilə burun çəpərinin ön hissəsində yerləşən Kisselbah zonası damarlarla sıx örülüb, buna görə iltihab və ya xırda travma zamanı asanlıqla zədələnə bilir. Uşaqlarda tez-tez rastlanan burun qanamaları adətən təhlükəli sayılmır.

Ən çox rast gəlinən səbəblər:

  • evdə havanın quru olması;

  • uşağın burundakı quru qaysaqları çıxarması;

  • burun travması;

  • burunda yad cismin olması;

  • allergik və ya infeksion rinit;

  • burun spreylərindən (xüsusilə yerli hormon preparatları) istifadə.

Niyə uşaqların yuxuda burnu qanayır?
Ən çox səbəb havanın quruluğudur. Yayda və ya qışda havada rütubət az olur, bu da selikli qişanı qurudur və onu daha həssas edir. Uşaq yuxuda yastığa söykəndikdə və ya tərəfini dəyişdikdə, quru selikli qişa cırılaraq qanama başlaya bilər.

Valideynlər nə etməlidir?

  • Uşağı oturdun, başını bir az önə əyin.

  • Burunun aşağı hissəsini (qanadlarını) baş və şəhadət barmağınızla sıxın və 10 dəqiqə gözləyin. Böyük uşaqlar bunu özləri də edə bilərlər.

  • 10 dəqiqədən sonra buraxın və qanamanın dayanıb-dayanmadığını yoxlayın. Adətən 5–10 dəqiqəyə dayanır.

  • Əgər qan dayanmırsa, əlavə 10 dəqiqəlik sıxma aparın və buruna damar-daraldıcı damcı və ya sprey tökün.

Təcili yardım çağırmaq lazımdır, əgər:

  • qanaxma 30 dəqiqədən artıq davam edirsə;

  • qanaxma baş zədəsindən sonra başlayıbsa;

  • uşaqda zəiflik, halsızlıq artırsa;

  • uşaq rəngsiz, çox solğun görünürsə, reaksiyası zəifləyibsə;

  • huşunu itirirsə.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun