Uşaqların yarısından çoxu inkişaflarının müəyyən dövründə yemək seçiciliyi göstərə bilər.
E-saglam.az xəbər verir ki, İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) bunu normal inkişaf mərhələsi hesab edir. Uşaq və körpə qidalanma mütəxəssisi Şarlot Stirling-Reed valideynlərə günahkarlıq hissi keçirməməyi tövsiyə edir. Bunun əvəzində aşağıdakı qaydalara riayət etməyə çağırır:
1. Onlara seçim azadlığı verin
Uşağın nə yemək istədiyinə qərar verməsinə icazə vermək onu yeni dadlar sınamağa həvəsləndirir. “Yemək istəmirəm” deyən uşağa “problem deyil” cavabı daha faydalıdır.
2. Yeməkləri yaxşı və pis kimi ayırmayın
Qidaları “yaxşı” və ya “pis” adlandırmaq uşağın qida ilə münasibətinə mənfi təsir göstərə bilər. Əvəzində balans, müxtəliflik və ölçülülüyə diqqət yetirin.
3. Yeməyi əyləncəli edin
Masa arxasında xoş atmosfer yaratmaq, söhbətlər və kiçik fəaliyyətlərlə yeməyi daha cəlbedici etmək olar.
4. İştaha hörmət edin
Uşaqlar hər gün eyni iştahda olmur. Valideynlər yeməyi və saatı seçə bilər, amma uşaqlar nə qədər yeyəcəklərinə özləri qərar verməlidir.
5. Onları prosesə cəlb edin
Süfrə hazırlamaq, ərzaq seçmək və yeməkləri birlikdə bişirmək uşaqları daha maraqlı və açıq edə bilər. Müxtəlif qidalarla tanışlıq qəbul ehtimalını artırır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az