Yuxu terapevtləri ən təhlükəli yatma formasını açıqlayıblar.
E-saglam.az xəbər verir ki, qarın üstə, başı 90 dərəcə yana çevirərək yatmaq həm onurğaya, həm sinir sisteminə, həm də tənəffüsə ciddi zərər vura bilər.
Tədqiqatlara görə, bu vəziyyət diafraqmanı sıxaraq ağciyərlərin tam genişlənməsinə mane olur və oksigen səviyyəsini azaldır. Nəticədə insanlar uzun yatdıqlarına baxmayaraq, səhər yorğun və enerjisiz oyanırlar.
Mütəxəssislər bildirirlər ki, bu pozada başın məcburi şəkildə yana çevrilməsi boyunda qeyri-təbii gərginlik yaradır, əzələlərdə sərtlik və iltihab, hətta qollara yayılan uyuşma kimi sinir sıxılmalarına səbəb ola bilər. Bununla yanaşı, qarın üstə uzanmaq belin təbii əyriliyini pozur və xroniki bel ağrısı riskini artırır.
Həkimlər sinə qəfəsinə düşən təzyiqin ürək-damar sisteminə də əlavə yük yaratdığını, bu səbəbdən qarın üstə yatmağın uzunmüddətli perspektivdə ürək sağlamlığına zərər verə biləcəyini vurğulayırlar.
Mütəxəssislər ən ideal yatma forması kimi arxası üstə yatmağı tövsiyə edirlər. Bu vəziyyət onurğanın təbii düzülüşünü qoruyur və çəkini bərabər paylayır. Yan üstə yatmaq da ürək sağlamlığı və xoruldama riskinin azalması baxımından uyğun sayılır.
Yuxu keyfiyyətini qorumaq üçün düzgün döşək və yastıq seçimi tövsiyə olunur.
Könül Oruc