
ABŞ-ın Kolorado ştatında çalışan şiroterapevt Dr. Taylor Qoldberq xəbərdarlıq edir ki, barmaqların normadan artıq elastikliyi — yəni qeyri-adi dərəcədə asanlıqla əyilməsi — ciddi tənəffüs xəstəliklərinin ilkin əlaməti ola bilər. Onun sözlərinə görə, bu tip hiperelastiklik, bədənin birləşdirici toxumalarında zəifliklə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, birləşdirici toxumalar sümüklər, əzələlər və orqanlar arasında struktur və dəstək rolunu oynayır, bədəni bir arada saxlayan “yapışqan” funksiyasını yerinə yetirir. Xüsusilə ağciyərlərin funksional quruluşunun qorunmasında vacib rol oynayan bu toxumalar, ağciyər toxumasının təxminən 25%-ni təşkil edir. Mütəxəssislər bildirirlər ki, bu toxumaların zəifləməsi tənəffüs mexanizmini poza və astma, obstruktiv yuxu apnesi kimi pozuntulara səbəb ola bilər.
Risk necə müəyyən olunur?
Əgər şəxs:
-
Balaca barmağını 90 dərəcə geriyə əyə bilirsə,
-
Baş barmağını qoluna toxundura bilirsə,
-
Dirsək və ya dizini 10 dərəcədən çox hiperextend edə bilirsə,
-
Ayaqları düz vəziyyətdə ovuclarını yerə qoya bilirsə,
Bu göstəricilər əsasında bal toplanır. Böyüklər üçün 5 və daha çox, uşaqlar üçün isə 6 və daha çox bal həddindən artıq elastiklik sayılır.
Bu əlamətlər Ehlers-Danlos sindromu (EDS) ilə əlaqələndirilə bilər. EDS birləşdirici toxumaların genetik pozuntusudur və kollagen istehsalını zəiflədir. Dr. Qoldberq bildirir ki, bu sindroma malik şəxslərin tənəffüs xəstəlikləri ilə mübarizəsi daha çətin olur.
Dr. O’Brien isə qeyd edir ki, daha çox elmi araşdırmalara ehtiyac olsa da, klinik təcrübə göstərir: EDS xəstələri tez-tez nəfəs darlığı, əzələ zəifliyi və tənəffüs yollarında çökmə kimi problemlərlə qarşılaşır. Bundan əlavə, bu xəstələrdə dəri kövrəkliyi, asan göyərmə, xroniki yorğunluq, həzm pozuntuları və diqqət çatışmazlığı da müşahidə olunur.
EDS-nin 13 alt növü var və diaqnoz, əsasən, simptomların və fiziki müayinənin nəticələrinə əsasən qoyulur. Xəstələrin müalicəsində əsas məqsəd simptomların yüngülləşdirilməsi və həyat keyfiyyətinin qorunmasıdır. Fiziki terapiya və dəstəkləyici vasitələrin istifadəsi tövsiyə olunur.
2022-ci ildə aparılan bir araşdırma göstərib ki, demək olar ki, bütün EDS xəstələri depressiya, yarıdan çoxu isə narahatlıq yaşayır. Bu da sindromun təkcə fiziki deyil, həm də psixoloji təsirlərlə müşayiət olunduğunu göstərir.
Tərcümə: Könül Oruc