Meyvəni necə yeyək ki, faydalı olsun?
Meyvəni necə yeyək ki, faydalı olsun?

Meyvə sağlam qida olsa da tərkibində fruktoza mövcuddur, ona görə də meyvəni də qədərində yemək, nə zaman, nə qədər yemək lazım olduğunu bilmək vacibdir.

Bu sözləri E-saglam.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib. 

Onun sözlərinə görə, meyvəni yeyərkən faydalarından tam yararlanmaq istəyirsinizsə bir neçə vacib qaydanı bilməlisiniz. Həmin qaydaları sizlərlə bölüşürük: 

- meyvəni axşam yeməkdən sonra yox, gündüz vaxtı və təkbaşına yemək faydalıdır.

- meyvələr acqarına yeyilməli, başqa heç bir qida ilə birlikdə yeyilməməlidir.

- sıxılmış meyvə suyunda şəkər miqdarı daha çoxdur, meyvənin şirəsi əvəzinə meyvənin özünü çiy və təzə formada yeyin.

- meyvəni soyuducuda saxlayırsınızsa, istifadə edəndə otaq temperaturunda biraz saxladıqdan sonra yeyin.

- sağlam hesab etdiyiniz üçün həddindən artıq yeməyin, gündə bir porsiya bəs edir.

- bütün meyvələri bir yerdə yeməyin, məsələn, qarpız və yemişi eyni anda yeməyin, hər ikisinin tərkibində şəkər və su miqdarı çoxdur, bu isə şəkər xəstəliyi olan, qanı duru olan və təzyiqi yuxarı olan insanlar üçün təhlükəlidir.

- meyvə alarkən təzə, mövsümi, ətirli, dadlı, yetişmiş, çürüməmiş və yerli meyvə alın.

- meyvəni əsas yeməklərdən ən az bir saat əvvəl və ya iki saat sonra yeyin, əgər ağır yeməklər yemisinizsə meyvə yemək üçün 3-4 saat gözləyin.

Meyvəni düzgün şəkildə yedikdə həzm sistemini gücləndirir, daha sürətli işləməsini təmin edir, bədənimiz lazım olan bütün vitaminləri alır.

Çalışın, həmişə sağlam olun!

Könül Oruc