Tibbi xəbərlər
Məşhur dərmanın təhlükələri barədə
Tibbi xəbərlər
196

Məşhur dərmanın təhlükələri barədə xəbərdarlıq edildi

Əczaçı Karlota Serra Jorba omeprazolun həkim məsləhəti olmadan və xüsusilə çox yeməkdən əvvəl qəbul edilməsinin sağlamlıq üçün risk yarada biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bir çox insan ürək yanması və qastroezofageal reflüksdən (mədə turşusunun qida borusuna geri qayıtması) yaranan narahatlığı azaltmaq üçün omeprazoldan istifadə edir. Dərman mədədə xlorid turşusunun ifrazını azaldaraq təsir göstərir.

Lakin əczaçı vurğulayıb ki, xlorid turşusu qidaların normal həzmi və vitamin-mineralların mənimsənilməsi üçün vacibdir. Bu səbəbdən omeprazolun uzunmüddətli və nəzarətsiz istifadəsi bəzi qida maddələrinin orqanizm tərəfindən sorulmasını azalda bilər.

Karlota Serra Jorbanın sözlərinə görə, bu vəziyyət zamanla vitamin və mineral çatışmazlığına səbəb ola bilər. O, həmçinin qeyd edib ki, dərman zülal və yağların həzmində iştirak edən bəzi fermentlərin fəaliyyətini də zəiflədə bilər.

Mütəxəssis bildirib ki, omeprazol həzmi yaxşılaşdırmaq məqsədilə qəbul edilməməlidir və bu preparatdan yalnız həkim tövsiyəsi ilə istifadə olunmalıdır. O əlavə edib ki, həzm problemləri davamlı xarakter alırsa, səbəbi müəyyənləşdirmək üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun