Övladlarını bağçaya göndərən bəzi valideynlərin qidalanma ilə bağlı müəyyən narahatlıqları olur. Onlar düşünürlər ki, uşaqlara yetəri qədər faydalı və vitaminli qidalar verilmir. Hətta bəzi valideynlər iddia edirlər ki, uşaq bağçalarında qidalanma ilə bağlı Nazirlər Kabinetinin qərarında balıq və mal əti üstünlük təşkil etsə də, məktəbəqədər müəssisələrdə balıq ümumiyyətlə, mal əti isə çox az hallarda olur.
Bəs görəsən, valideynlər narahat olmaqda haqlıdırlarmı? Bağçalarda menyular necə tərtib olunur və buna nəzarət edilirmi?
Övladı dövlət bağçasında təhsil alan Gülnarə İbadova "Report"a bildirib ki, təqdim edilən menyudan qismən razıdır.
Onun sözlərinə görə, hər gün menyuda şirinçay, bulka, peçenya, vafli kimi şirin qidalar olur: "Ancaq toyuq əti üstünlük təşkil edir. Bir dəfə də balıq verildiyini nə görmüş, nə də eşitmişəm. Mal ətindən də həftədə bir ya iki dəfə ya kotlet, dolma kimi yer alır".
Valideyn bildirib ki, yuxu saatından sonra daha çox bulqur, düyü, kartof püreləri olur, bununla uşaq doymur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları müəyyən edilib
Bakıda fəaliyyət göstərən dövlət uşaq bağçasının müdiri Zeynəb Məmmədova Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş qida normalarında yer alan balığın, menyularda əksini tapmaması sualına cavab verib. O bildirib ki, bağçaya ümumiyyətlə balıq və balıq məhsulu verilmir:
"Əgər gəlsə belə, o dondurulmuş balıq olacaq. Həmin balığı da bişirəndə çox pis vəziyyətə qalır-dağılır. Belə halda uşaqlara onu vermək heç uyğun olmur. Təzə balıq verilə bilər. Onu da gündəlik təşkili çətin məsələdir. Təhlükəsizlik məsələləri gündəmə gəlir. Ümumiyyətlə menyulara yenidən baxılmalıdır. Qidaların bir-birinə uyğunluğu da sağlamlıq və vitamin baxımından nəzərə alınmalıdır".

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, menyular ikihəftəlik dövr üçün əvvəlcədən planlaşdırılır və təsdiq edilir:
"Ərzaq məhsullarının çatdırılma periodu onların istifadə müddətindən və saxlanma şəraitindən asılı olaraq dəyişir. Tez xarab olan məhsullar daha qısa intervallarla tədarük edilir, uzun müddət saxlanıla bilən məhsullar isə müvafiq qaydada əvvəlcədən tədarük edilərək təmin olunur. Ət məhsulları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC tərəfindən istifadəyə verilmiş müvafiq portalda qeydiyyatdan keçmiş və təsdiqlənmiş podratçılar vasitəsilə tədarük edilir".
Digər bir məqam da şirin qidalarla bağlıdır. Həkimlər şirniyyat məhsullarının insan orqanizmi üçün zərərli olduğunu qeyd edirlər. Bağçaların gündəlik menyularında da şirinçay, bulka, kompot və s. kimi qidalara rast gəlir.
Bununla bağlı MÜTDA-dan qeyd edilib ki, bağçalarda şirniyyat və şirin içkilərin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş orta sutkalıq qida normaları əsasında müəyyən olunub.
Həmçinin, Agentlikdən vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet istiqamətlərdən hesab olunur:
"Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Gigiyena qaydalarına riayət olunmasına yerli təhsil idarələri tərəfindən yerində aparılan yoxlamalar, həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən monitorinqlər vasitəsilə nəzarət edilir".
Həkim diyetoloq, düzgün qidalanma ilə bağlı kitabların müəllifi Leyla Zülfüqarlının sözlərinə görə, bağçalarda və məktəblərdə qida verilişi varsa, menyuların daha sağlam şəkildə tərtib olunması arzuolunandır:
"Bəzi yerlərdə müşahidə edirik ki, bağçalarda sağlam qidalanma menyusu hazırlamağa çalışırlar və buna həqiqətən də maraq var. Amma, təəssüf ki, menyu çox vaxt peşəkar mütəxəssis tərəfindən tərtib olunmadığına görə qidalanma ardıcıllığı pozulur. Məsələn, yeməyin yanında kompot verilir. Halbuki kompotun nə dərəcədə vitamin mənbəyi olduğu sual altındadır. Əslində, bu, daha çox şəkər yüküdür. Bəzən isə uşaqlara qazlı və rəngli içkilər də təqdim olunur".
O qeyd edib ki, digər tərəfdən, çox zaman makaron kimi karbohidratlı qidalar verilir.
"Mən tam əminliklə deyə bilərəm ki, bəzi bağçalarda balıq ümumiyyətlə verilmir. Qırmızı ət də çox nadir hallarda olur. Əgər ət yeməyi verilirsə, bu, daha çox toyuq əti olur. Toyuq əti ilə bağlı da ayrıca araşdırma aparılmalı, onun keyfiyyətli və sağlam olması dəqiqləşdirilməlidir", - o deyib.
L.Zülfüqarlı əlavə edib ki, bağça və məktəblərdə qidalanma məsələsinə bəzən səhlənkar yanaşılır. Onun fikrincə, qidalanma menyusu peşəkar mütəxəssis tərəfindən tərtib olunsa, uşaqlar üçün daha sağlam və faydalı olar.
Milli Məclisin deputatı Müşfiq Məmmədli mövzu ilə bağlı bildirib ki, bağçalarda uşaqlara təqdim olunan qidalanma yalnız məişət səviyyəli bir məsələ deyil:
"Bu, həm ictimai sağlamlıq, həm də gələcək nəslin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Həkim və deputat kimi deməliyəm ki, bu sahəyə yanaşma balanslı və yaşa uyğun təşkil edilməlidir. Qida təhlükəsizlik və gigiyena standartlarına cavab verməlidir. Həmçinin, qida zəhərlənmələrinin qarşısını almaq üçün mütəmadi yoxlamalar aparılmalıdır".
M.Məmmədlinin fikrincə, bağça menyuları təsadüfi deyil, diyetoloq və pediatrların tövsiyələri əsasında hazırlanmalıdır.
"Bağça yalnız qida verilən yer deyil, həm də uşaqlarda düzgün qidalanma vərdişlərinin formalaşdığı mühitdir", - o vurğulayıb.
Deputat hesab edir ki, bu sahədə nəzarət mexanizmləri gücləndirilməlidir:
"Bağçalarda qidalanma ilə bağlı mütəmadi monitorinqlər aparılmalıdır. Qida təminatı üzrə dövlət standartları daha da sərtləşdirilməlidir. Sağlam qidalanan uşaq daha güclü immunitetə, daha yaxşı zehni inkişafa və daha yüksək həyat keyfiyyətinə malik olur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət məqsədilə Agentlik tərəfindən risk əsaslı yoxlama və monitorinqlər həyata keçirilir:
"Bu tədbirlər çərçivəsində qida məhsullarının mənşəyi, saxlanma şəraiti, hazırlanma prosesi və sanitariya-gigiyena tələblərinə əməl olunması yoxlanılır. Qayda pozuntuları və ya keyfiyyətsiz qida ilə bağlı AQTA-nın 1003 Çağrı mərkəzinə məlumat vermək olar".
Nəticə etibarilə, uşaq bağçalarında qidalanma məsələsi yalnız gündəlik menyu ilə məhdudlaşmır, bu, gələcək nəslin sağlam inkişafına birbaşa təsir göstərən əsas amillərdən biridir. Mütəxəssislərin fikrincə, mövcud qaydalar və normativlər olsa da, bəzi müəssisələrdə menyuların peşəkar yanaşma ilə hazırlanması və qida keyfiyyətinə nəzarətin gücləndirilməsi zəruridir.
Aidiyyəti qurumlar qidalanma prosesinin normativ sənədlərə uyğun təşkil olunduğunu bildirsələr də, mütəmadi monitorinqlərin aparılması, menyuların diyetoloq və pediatrların tövsiyələri əsasında yenilənməsi, eləcə də şəffaflığın artırılması uşaqların daha sağlam və balanslı qidalanmasına səbəb olar.