"Vəssalam, birinci gündən başlayacam, sabahdan heç nə yeməyəcəm, ayın 1-dən diyetadayam" deyib, bütün günü "necə arıqlayım, nəyi nə vaxt yeyim" fikirləşib, Instagram-da diplomsuz nutrioloqları, diyetoloq filankəsləri yaxından izləyib arıqlaya bilməyənlərin nəzərinə!
Bu sözləri E-saglam.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Onun sözlərinə görə, hər birimizin ətrafında illərlə yığılan artıq çəkidən əziyyət çəkmədən asanlıqla xilas üçün müxtəlif yollara əl atan insanlar var: "Bunun üçün internetdə, sosial şəbəkələrdə, gözəllik salonlarında satılan, mənşəyi məlum olmayan dərman vasitələrindən və arıqlama çaylarından istifadə edirlər. Ən çox istifadə olunanı isə arıqlama çaylarıdır, sidikqovucu təsirə malik olan bu cür çayların istifadəsi zamanı tərkibindəki kalium və kalsium duzları bədəndəki suyu çıxararaq maddələr mübadiləsini pozur. Bədəndən suyu çıxararaq arıqlamaq sağlam üsul hesab edilmir".
F.Səfərov bu cür üsullarla arıqlamağın insan sağlamlığına bir çox mənfi təsirlərini qeyd edib:
- ürək döyüntüsünü sürətləndirir.
- ürək ritmini pozur.
- baş gicəllənməsi.
- zehin qarışıqlığı.
- həddindən artıq su itkisinə səbəb olur.
- yuxusuzluq yaradır.
- qusma və ürək bulanma.
- həzm problemləri və həzmsizlik.
- ishal və mədə ağrıları.
- orqan çatışmazlığı və ani ölüm.
Qida eksperti bildirib ki, arıqlamaq üçün ilk öncə qidalanma vərdişlərimizi nizama salmalıyıq: "Arıqlamaq üçün sürətli üsul yoxdur. Nə qədər ki, düzgün qidalanmağı öyrənməmişik, arıqlasaq belə itirdiyimiz çəkini qoruya bilməyəcəyik. Sağlam arıqlamaq üçün qida rasionunuza lazımi miqdarda protein, yağ, karbohidrat, meyvə və tərəvəz əlavə edərək balanslı şəkildə qidalana bilərsiniz".
Sağlam qidalanaraq sağlam yaşayın!
Könül Oruc